AFFA-dan Azərbaycan milli komandasının futbolçularına ağır cəza
10.11.2009 - 13:27
AFFA-dan Azərbaycan milli komandasının futbolçularına ağır cəza
Azərbaycan yığmasının futbolçuları Fərhad Vəliyevlə Samir Abbasov cəzalanıb. Apasport.az-ın PFL-in rəsmi internet saytına istinadən məlumatına görə, assosiasiyanın İntizam Komitəsi çempionatın son turunda baş tutan “İnter” – “Qarabağ” matçından sonra dalaşan futbolçuların cəzasını müəyyənləşdirib.

Belə ki, görüş başa çatdıqdan sonra "Qarabağ"ın kapitanı Vəliyevlə onun "İnter"dəki həmkarı Abbasov arasında xoşagəlməz hadisə yaşanıb. Samir rəqibinin sinəsinə yumruq zərbəsi endirib, Fərhad isə ona tüpürüb. Komitə hər iki futbolçu 6 oyunluq cəzalandıraraq, "İnter"i 3000, "Qarabağ"ı 5000 manat cərimə edib.

Hər iki futbolçuya verilmiş cərimənin yarısı (3 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni hələlik 3 oyun buraxacaq futbolçular 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Bundan başqa "İnter" – "Qarabağ" matçının 63-cü dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimə edilib.