Fərhad Vəliyev: AFFA-dan cəza gözləyirdim...
10.11.2009 - 13:54
Fərhad Vəliyev: AFFA-dan cəza gözləyirdim...
“Samir Abbasovla aramızda olan insidentə görə AFFA-nın İntizam Komitəsinin bizi cəzalandıracağını gözləyirdim. Ancaq cəzanın bu dərəcədə sərt olacağını yox”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.

“İndi çempionatının qızğın vaxtıdır, oyunlarımız da alınır. Hərəkətimə görə çox peşmanam. Emosiyalarımı cilovlaya bilmədim və sonda komandamı çətin vəziyyətdə qoydum. Gərək bundan nəticə çıxaraq və gələn oyunlarda belə şeylərə ciddi yanaşaq” – deyə Vəliyev bildirib.

Azərbaycan çempionatının X turunda “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevlə “İnter”in müdafiəçisi Samir Abbasov arasında qalmaqal yaranıb. Bu səbəbdən İntizam Komitəsi Vəliyevə tüpürdüyünə, Abbasova isə rəqibini yumruqla vurduğu üçün 6 oyunluq cəza və hərəyə 3000 cərimələyib.

Vəliyev belə ağır cəzalandığına görə üzülür: “Samirlə sözləşdiyimiz zaman o məni vurdu. Mən sadəcə kənara tüpürdüm. Həmin vəziyyətdə əsəblərimə hakim ola bilmədim. Hirslənəndə belə şeylər olur. Ancaq sakitləşib, soyuq başla vəziyyətini təhlil edəndə bunu etməli olmadığını görürsən. Samirlə milli komandada görüşəcəyik və həmin vaxt hər şeyi qaydasına salmalıyıq”.

Qapıçı onu “Qarabağ” klubunda əvəzləyəcək həmkarına güvənir: “Fikrimcə, qapıya kimi qoyacaqlarsa, o da komandanın uğurlu çıxışı üçün əlimdən gələni edəcək. “İnter”lə oyundan sonra daxili iclasımız olub və orada hərəkətimə görə kollektiv qarşısında üzr istəmişəm. Ancaq məni klub tərəfindən cəzalandırmaq, cərimələməklə bağlı hələ qərar çıxarılmayıb”.

Qeyd edək ki, Vəliyevlə Abbasova verilmiş cərimənin yarısı (3 oyun) şərti olaraq tətbiq ediləcək. Hələlik 3 oyun buraxacaq futbolçular 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.