Foqtsun məsələsi İcraiyyə Komitəsində niyə müzakirə olunmadı?
11.11.2009 - 00:01
Foqtsun məsələsi İcraiyyə Komitəsində niyə müzakirə olunmadı?
“Berti Foqtsla müqavilənin müddətini uzatmaq üçün AFFA İcraiyyə Komitəsinin iclasını keçirmək lazım deyildi”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O bildirib ki, Berti Foqtsun məsələsi ilə bağlı İcraiyyə Komitəsi (İK) üzvlərinin fikirləri öyrənilib. Hətta Məmmədov bu rəyləri protokollaşdırıb: “Yığmamıza yeni baş məşqçi təyinatından və ya namizədlərin müzakirəsindən söhbət getmirdi. Sadəcə, Foqtsun fəaliyyət proqramını dinləmək və əldə etdiyi nəticələrə diqqət yetirmək lazım idi. Ona görə də İcrakomun iclasını keçirməyə ehtiyac duyulmadı. Buna baxmayaraq, telefon vasitəsilə komitə üzvlərinin hamısının fikrini öyrənmişik və onların razılığını alaraq, protokollaşdırmışıq”.

Baş katib almaniyalı mütəxəssisin qarşısına konkret hansı şərtlərin qoyulduğunu açıqlamayıb: “Biz iddialı şərtlər irəli sürmüşük. Təbii ki, yaxşı nəticələr qazanmaq istəyirik. Ancaq şərtlərin konkret nədən ibarət olduğunu deyə bilmərəm”.

Məmmədov baş məşqçinin köməkçisi məsələsinə də toxunub. AFFA rəsmisi vurğulayıb ki, Foqtsa yeni köməkçi gələn il əvvəlində tapılacaq: “Vaqif Sadıqovun gedişindən sonra baş məşqçinin köməkçisi yoxdur. Bu məsələ gələn ilin yanvarında həll olunacaq”.

Qeyd edək ki, AFFA rəhbərliyi Berti Foqtsla müqavilənin müddətini daha ikiilliyə, 2011-ci ilin dekabrınadək uzadıb.