“Birlik kuboku” üçün yeni sponsor
11.11.2009 - 10:49
“Birlik kuboku” üçün yeni sponsor
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışın himayədarı dəyişib. Apasport.az saytının məlumatına görə, bundan sonra turnirə MDB Başçılarının Şurası nəzarət edəcək. Bu, yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan verəcək.

MDB-nin Parlamentlərarası Assambleyasının mədəniyyət, informasiya, turizm və idman üzrə katibi Konstantin Pşenko turnirin hazırkı durumundan narazılığını gizlətməyib: “Etiraf etməliyik ki, yarışın statusu daim aşağı düşür. Bu da turnirin yanvarda, süni örtüklü meydançada keçirilməsi ilə bağlıdır. Məşqçilər futbolçularının zədələnməsindən qorxur, bu səbəbdən əvəzediciləri yarışa göndərirlər”.

Pşenko bildirib ki, “Birlik kuboku”nun Himayədarları Şurasının da yaradılması ehtimalı var. Özü də yarış təkcə Rusiyada deyil, digər MDB ölkələrində də keçirilməlidir. Artıq bəzi milli assosiasiyaların bu təklifi müsbət qarşıladığını deyən Pşenko təşkilatçılıq uğrunda təkcə postsovet ölkələrinin deyil, digərlərinin də mübarizəyə qatılmasının tərəfdarıdır.

Qeyd edək ki, indiyədək “Birlik kuboku” ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub.