Azərbaycan futbolçuları Antalyada
11.11.2009 - 12:07
Azərbaycan futbolçuları Antalyada
Bu gündən etibarən qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına başlayacaq. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, noyabrın 18-dək Antalya şəhərində keçiriləcək toplanış dünya çempionatının seçmə mərhələsinin növbəti oyununa hazırlıq məqsədi daşıyır.

Noyabrın 22-də Belçika yığmasını Bakıda qəbul edəcək millimizin baş məşqçisi Şamil Heydərov Türkiyə səfərinə 18 futbolçu aparmağa qərar verib. Bunlar Nərminə Rzayeva, Anna Atayeva, Marina Ağayeva, Yekaterina Nosova, Natalya Suvorovtsova, Olqa Qazıyeva, Nərgiz Hüseynova, Yelena Nəbiyeva, Olqa Səfərova, Yelena Porojnyuk, İnna Boyko, Viktoriya Budrite, Natalya Kuleşeva, Toma Bezserdeçnaya, Qalina Kovalyova, Maşa Makarova, Fəridə Bayramova və Yelena Turcandır.

Qeyd edək ki, 2011-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində 2 oyun keçirən millimiz İsveçə 0:3 hesabı ilə uduzub və Uelsi 2:1 hesabı ilə məğlub edib.