Enke nəyə görə intihar edib? - FOTOSESSİYA
11.11.2009 - 13:25
Enke nəyə görə intihar edib? - FOTOSESSİYA
Almaniya yığmasının futbolçusu Robert Enkenin intihat etməsi futbol dünyasını şoka salıb. İndi hamı 32 yaşlı qapıçının bu addımı atmasının səbəbini müəyyənləşdirməyə çalışır. Görəsən, gənc və istedadlı futbolçunu özünü qatarın altına atmağa nə məcbur edib?

Karyerada eniş
Son aylar Robertin işləri düz gətirmirdi. Onun karyerasında açıq-aşkar eniş hiss olunurdu. Avqustun 12-də Bakıda Azərbaycan yığmasına qarşı oyunda forma geyinən qapıçı bundan 28 gün sonra Hannoverdə keçirilmiş matçda iştirak edə bilməmişdi. Halbuki, milli komandanın baş məşqçisi Yoahim Löv ona dəvət göndərmişdi. Lövün planı belə idi ki, yığmamızla görüşdə qapını məhz Enkeyə tapşırsın. Çünki belə olan halda “Hannover 96” klubunun da şərəfini qoruyan Robert doğma şəhərdə və doğma azarkeşlər önündə daha inamlı təsir bağışlayacaqdı. Lakin Azərbaycanla oyuna bir neçə gün qalmış qapıçı Lövə müraciət edərək, yığmanın heyətindən çıxarılmasını xahiş etmişdi. O, xəstələndiyini əsas gətirmişdi. Beləliklə, Enkenin milli komandada son oyunu avqustun 12-də yığmamıza (2:0), “Hannover 96”da axırıncı matçı isə noyabrın 7-də “Hamburq”a (2:2) qarşı olub.

Son gün
Gəlin indi də dünya şöhrətli qapıçının həyatının son gününü, 2009-cu il noyabrın 10-nu necə keçirməsinə toxunaq. Ayın 10-da səhər Robert fərdi məşq etmək üçün “Hannover 96”nın bazasına yollanır. O, qapıçılarla işləyən məşqçi Yorq Siversə xəstəliyindən şikayətlənir və səhhətinin pisləşdiyini söyləyir. Günortadan sonraya təyin olunan komandanın məşqində isə Enke gözə dəymir. Bu gözlənilməz vəziyyət onun meneceri Yorq Neblunqu təşvişə salır. Neblunq dərhal qapıçıya zəng vurur, lakin telefon söndürülmüşdü. Məcburiyyət qarşısında qalan menecer Robertin həyat yoldaşı Tereza ilə əlaqə saxlayaraq, ondan futbolçunu axtarmağı xahiş edir, özü isə polisə xəbər verir...

160 km/saat sürətlə gedən qatar
Bu zaman isə artıq Enkenin ölümü yaxınlaşırdı. O, idarə etdiyi qara “Mercedes”lə yaşadığı evin 3-4 kilometrliyindən keçən dəmir yol xəttinə tərəf yollanıb. Maşını dalanların birində saxlayıb. Avtomobildən düşərək qapıları kilidləyib və dəmir yol xəttinə tərəf bir neçə dəqiqə piyada gedib. Futbolçu özünü qatarın altına atacağını dəqiqləşdirmişdi. Budur, irəlidən gələn qatar görünməyə başlayır. Bremendən Hannoverə gedən qatarın sürəti 160 km/saatdır. Almaniya vaxtı ilə saat 18:17-də (Bakı vaxtı ilə saat 21:17-də) Enke özünü qatarın altına ataraq, həyatla vidalaşır.

Nəyə görə?
Bundan bir neçə dəqiqə sonra polis olaydan xəbər tutur. Hadisə yerinə dərhal yanğınsöndürən maşınlar cəlb olunur. Robertin həyatını xilas etmək üçün hansısa tədbirin görülməsinə isə ehtiyac yox idi: o, çoxdan haqq dünyasına qovuşmuşdu. Saat 21.47-də cənazə maşını da hadisə yerinə gəlir və Enkenin nəşini aparır. Onun azarkeşləri, “Hannover 96” klubunun rəhbərliyi, eləcə də yığmanın məşqçiləri, futbolçuları, Almaniya Futbol İttifaqının rəsmiləri şokdadırlar. Axı nəyə görə Robert belə etdi? Bir müddət öncə onun azyaşlı qızının ölməsinin bu hadisə ilə əlaqəsi varmı? Yoxsa Enke psixoloji problemin qurbanı oldu? Hər halda, bu suallara Almaniya hüquq-mühafizə orqanları da hələlik cavab tapa bilməyiblər.