Ermənistanın ən yaxşı legioneri Yevlaxda “at oynatdı”
11.11.2009 - 17:19
Ermənistanın ən yaxşı legioneri Yevlaxda “at oynatdı”
Vaxtilə Ermənistanın ən yaxşı legioneri seçilmiş Vitali Ledenyov Azərbaycanda qol hesabını açdı. Apasport.az saytının məlumatına görə, 30 yaşlı belaruslu hücumçu cari mövsümdən şərəfini qoruduğu Bakının “İnter” klubunun əsas komandasında debütünü dubla qeyd etdi.

Bu, Azərbaycan kubokunun 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində Yevlaxın “Karvan” klubu ilə keçirilən səfər oyununda (3:2) baş verib. Vitali oyunun 8 və 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb. “İnter”ə keçidindən sonra əvəzedici komandada oynayan Ledenyov gürcü baş məşqçisi Kaxaber Sxadadzenin ona şans verdiyi ilk görüşdəcə etimadı doğrultdu.

Vitali hələ 2007-ci ilin qışında ölkəmizə gəlsə də, altı ay sıralarında olduğu İmişlinin “MKT-Araz” klubunda özünü göstərə bilmədi. Minsk “Dinamo”sundan gələn hücumçu meydana az çıxır, daha çox ehtiyatda qalırdı. Nəticədə Vitali həmin mövsüm bitəndən sonra vətəninə qayıtdı. Ötən il Ermənistanda “Banants” klubunda oynayan Ledenyov orada da möhkəmlənə bilməyib. 6 qol vuran Vitali bu göstərici ilə ölkə çempionatının bombardirlər yarışında 10-cu yeri tutub.

Bununla belə, bədnam qonşularımız onu həmin mövsümün ən yaxşı legioneri saymağı lazım biliblər.