Vaqif Cavadov: İraqla görüşə çıxmağa risk etmədim MÜSAHİBƏ
17.11.2009 - 17:30
Vaqif Cavadov:  İraqla görüşə çıxmağa risk etmədim MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- İraqla oyunda meydana çıxmamağınızın səbəbi nə idi?
- Mənim kiçik zədəm var idi. Ölkə çempionatında “İnter”lə görüşdən sonra ağrılar hiss etməyə başladım. Bu da süni örtüklü meydanda oynamaqla bağlı idi. Artıq bərpa olmuşam. Hər şey qaydasındadır.

- Belə çıxır ki, “İnter” sizə ikiqat zərbə vurub: həm uduzdunuz, həm də zədə aldınız…
- Ciddi bir şey yoxdur. Sadəcə, risk etmək istəmədim. Yaxşısı budur ki, sonra əziyyət çəkməməkdən ötrü özümü qoruyum.

- Yığmanı kənardan izlədiniz. Komanda necə təsir bağışladı?
- Milli komandamız birinci hissədə çox yaxşı oynadı. Xoşuma gəldi. Amma futbolda “vurmayana vurarlar” prinsipi var.

- Kənardan qaçırılan imkanlara baxanda, “kaş meydanda olaydım...” deyə fikirləşirdinizmi?
- Yox. Niyə başqalarını ittiham edim? İmkan qazananların hər biri qol vurmaq istəyirdi. Bilmək olmaz ki, mən meydana çıxsaydım, necə olacaqdı.

- Berti Foqts deyib ki, hazır olsanız sizi Çexiya ilə oyunda meydana buraxacaq.
- Baş məşqçi belə deyibsə, yəqin ki, elə belə də olar.

- Ancaq BƏƏ-də arzuolunmaz hava şəraiti var...
- Artıq neçə gündür burda məşq edirik. Bu mənada problem yoxdur.

- Çexiya ilə qarşılaşmadan nə gözləyirsiniz?
- Çexlərin ilk oyununu görməmişəm. Sabah onların yerli komanda ilə görüşünün videoyazısını izləyəcəyik.

- Üçüncü yer uğrunda matçda çexlərlə oynayacağınızı gözləyirdiniz?
- Bir dəfə televiziya ilə BƏƏ-nin oyununu izlədim. Bilirdim ki, pis komanda deyil.

- Biz Avropa təmsilçisi olan Çexiyanı üstələyə bilərik?
- Əlbəttə. Elə bir komanda yoxdur ki, onu məğlub etmək mümkün olmasın.

- Rusiya yığması ilə görüşdəki bərabərlikdən sonra yığmada özünəinam artıb?
- Nəticə qazananda inam artır. İraqa uduzsaq da, çexlərlə qarşılaşmada qələbə haqda düşünürük. Və buna nail olmağa çalışacağıq.

- Həftəsonu “Qarabağ” Azərbaycan çempionatında növbəti oyununu keçirəcək. Yorğunluqdan çəkinmirsiniz ki?
- Açığı, son yarım ildə bu tempdə oynayırıq. Bir balaca yorğunluq hiss olunur. Amma nə etmək olar. Futbol həyatı belədir.
0