Adis Çulov əfv olundu və qol vurdu
17.11.2009 - 17:44
Adis Çulov əfv olundu və qol vurdu
Salyanın “Muğan” klubunun bosniyalı baş məşqçisi Kemal Alispahiç həmyerlisi Adis Çulovu bağışlayıb. Bu haqda apasport.az saytına məlumat verən Alispahiç gənc hücumçunu əsas komandaya qaytardığını bildirib. Nizam-intizamı pozduğundan Çulovu əvəzedici komandaya göndərən bosniyalı mütəxəssis onunla yolları ayırmağı düşünürdü. Ancaq Alispahiç həmyerlisinə ilk dövrənin sonuna qədər bir daha şans verməyi qərara alıb.

“Hazırlığımızda iştirak edən Adis dekabrın axırına qədər oynayacaq. Sonra nə olacağını zaman göstərəcək. Çulov səhv etdiyini başa düşüb və üzr istəyib. Mənim onunla bağlı rəhbərliklə, komandamızın kapitanı ilə söhbətim oldu. Axırda belə nəticəyə gəldim ki, Adisə daha bir şans verək. Onun xeyli müddət əvəzedici komandada yer alması onun üçün bir cəza idi. Hücumçu hərəkətinə görə peşmandır və öz gücünü, hərəkətinin təsadüf olduğunu sübut etmək istəyir. Biz də onu hələ saxlamağı qərara aldıq. Onsuz da indi “transfer pəncərəsi” bağlıdır, hansısa yeni futbolçu almaq qeyri-mümkündür, heyətində olanı buraxmaq isə məqsədəuyğun deyil” - deyə Alispahiç vurğulayıb.

Baş məşqçi onu ilk dövrənin son turunda “Bakı” ilə ev oyununda meydana buraxmaq istəyir. Çulov qayıdışını birinci divizion klubu “Rəvan” klubu ilə 1:1 hesabı ilə nəticələnən yoxlama görüşündə qolla qeyd edib. Alispahiç Bakıda keçirilən həmin matçda meydançanın bərbad olmasından, zədəli futbolçuların çoxluğundan gileylənib, həmçinin yoxlama oyununda nəticənin onlar üçün elə də önəmli olmadığını bildirib.

Qeyd edək ki, cari mövsümdən “Muğan”da oynayan Çulov 2 qol vurub.
0