Bukmeker kontoru İrlandiyanın qələbəsinə “stavka” edənlərin pulunu qaytarır
20.11.2009 - 10:35
Bukmeker kontoru İrlandiyanın qələbəsinə “stavka” edənlərin pulunu qaytarır
Britaniyanın məşhur “Uilyam Hill” bukmeker kontoru İrlandiya yığmasının Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına vəsiqə qazanacağını proqnozlaşdıranların hamısının pulunu qaytaracaq. Apasport.az saytının məlumatına görə, şirkət rəhbərliyi bunu irlandların pley-off mərhələsində Fransa yığmasına qarşı səfərdə keçirilən cavab görüşündə qələbəyə daha layiq olması ilə izah edib. Onların fikrincə, baş hakim Martin Hanssonun oyunun həlledici anında kobud səhv buraxıb.

İsveçli FİFA referisi fransızların matçın əlavə vaxtında hesabı bərabərləşdikləri zaman Tyerri Anrinin açıq-aşkar əllə oynamaqla, qaydanı pozmasına göz yumub. Öz növbəsində Fransa milli komandasının dünya çempionatına vəsiqə qazanacağına pul qoyuluşu edənlərə uduş veriləcək.

Qeyd edək ki, irlandlar oyunun yenidən keçirilməsini tələb etmələrinə, hətta məsələyə ölkə rəhbərliyinin qarışmasına baxmayaraq, FİFA bununla razılaşmayıb. Dünyanın ən ali futbol qurumunun məmurları qaydaların 5-ci maddəsini əsas tutaraq, hakimlərin oyun vaxtı qəbul etdiyi qərarların qətiliyini və şikayətin qəbul olunmamasını bildiriblər.
0