“Bu yükün altına girməyə qorxmadım, qorxsaydım, etməzdim”
20.11.2009 - 14:35
“Bu yükün altına girməyə qorxmadım, qorxsaydım, etməzdim”
“Avstriya yığması ilə oyunda məcburiyyət üzündən qapıda dayanmalı oldum. Hər halda, mən qapıçı yox, müdafiəçiyəm. Sadəcə, görüşün 34-cü dəqiqəsində qapıçımız Elçin Sadıqov birbaşa qırmızı vərəqə alaraq, meydandan çıxarıldı. Ehtiyatda isə qapıçımız olmadığından, “çərçivə”ni mən qorudum”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının (U-21) müdafiəçisi Vurğun Hüseynov deyib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də avstriyalı həmyaşıdları ilə səfər oyununda çətin vəziyyətə düşən yığmamız qapıçı Elçin Sadıqovun meydandan qovulmasına görə, futbolçularımız 56 dəqiqə azlıqda keçiriblər. Həmin epizodda hesabda 0:2 geridə olan U-21-in ehtiyat qapıçısı olmayıb. Bu səbəbdən baş məşqçi Bernard Lippert “Qəbələ” klubunun da şərəfini qoruyan Vurğun Hüseynova güvənib.

“Ehtiyatda qapıçımızın olmadığını bilirdik. Əslində digər qapıçımız Aqil Məmmədov Avstriyaya aparılmışdı. Oyun öncəsi diz nahiyəsindən zədə aldığına görə, heyətdən kənarda qalmışdı. Elçin meydandan çıxarıldığı vaxtda uşaqlar arasında kimin qapıda durması ilə bağlı söhbətimiz oldu. Gördüm ki, heç kim bu məsuliyyəti üzərinə götürmək istəmir. Mən özümü qabağa verdim. Hər halda, kimsə qapıda durmalı idi. Əlbəttə, heyətdə bir qapıçı olanda, çətinlik yaranır. Ancaq səfərə niyə 3 qapıçının aparılmadığını deyə bilmərəm. Çünki bu, mənə aid məsələ deyil” - deyə Hüseynov vurğulayıb.

Səfər görüşündə 56 dəqiqə qapını qoruyan Vurğun uzun müddət rəqibin qol vurmasına imkan verməyib. Avstriyalılar Vurğunu yalnız son 11 dəqiqədə 2 dəfə məyus ediblər. Komanda yoldaşları Hüseynova bundan sonra qapıçı ampluasında oynamağı təklif etsələr də, o, bunu qəbul etmir: “Gələcəkdə qapıçı olmaq fikrim yoxdur. Avstriyada məcburiyyətdən komandaya kömək etməli oldum. İndiyədək heç vaxt “çərçivə”ni qorumamışdım, hətta məşqlərdə də bunun üzərində çalışmamışdım. Əlbəttə, sahə oyunçusunun qapıda durması böyük məsuliyyətdir. Ancaq bu ağır yükün altına girməyə qorxmadım. Hər halda, qorxsaydım, bunu etməzdim. Buraxdığım qollara gəlincə, günahım yoxdur. Birində təkbətək epizod idi, digərində isə yaxın məsafədən başla qol vurdular. Öz oyunumdan razı qalmadım. Qapıçı deyiləm ki, necə durmağımdan razı qalım”.
0