Berti Foqts borcunu qaytardı: Azərbaycan yığmasından yeni rekord!
20.11.2009 - 16:12
Berti Foqts borcunu qaytardı: Azərbaycan yığmasından yeni rekord!
Azərbaycan yığması yeni rekorda imza atdı. Apasport.az saytının hesablamalarına görə, milli komandamız FİFA-nın reytinq siyahısında yer aldığı 1994-cü ilin iyunundan bu yana ardıcıl iki ayda belə irəliləyiş əldə etməmişdi.

Berti Foqtsun baş məşqçisi olduğu komandamızın son iki ayda uğurlu çıxışı FİFA-nın reytinqində də öz əskini tapıb. Təsadüfi deyil ki, oktyabr və noyabr aylarında ümumilikdə 23 pillə yüksəlmişik. Bu, ötən ay 14, indi isə 9 pillə olub. Yığmamız FİFA-nın reytinqinə yeni daxil olduğu vaxtda iki ayda 21 pillə irəliləmişdi. Göründüyü kimi, bu göstəricini yaxşılaşdırıb, yeni rekord etmək üçün 15 il gözləməli olduq.

Komandamız 116-cı pilləyə yüksəlməklə yanaşı, eyni zamanda Berti Foqtsun gəlişinədək olan reytinqini də yaxşılaşdırıb. Ötən ilin martında, Foqtsun təyinatına bir ay qalmış milli komandamız siyahıda 119-cu yerdə idi. İlk vaxtlar alman mütəxəssisin ayağı düşərli olmadı və milli komandamızın sükanı arxasına keçəndən az sonra birdən-birə 18 pillə gerilədik. İndi yığmamız Foqtsun 21 aylıq fəaliyyəti dövründə ən yüksək pilləyə qalxdı ki, buna da əsas səbəb Lixtenşteyn və Çexiya üzərində səfər qələbələri, Rusiya ilə Bakıdakı heç-heçə oldu.

Yeri gəlmişkən, milli komandamız sonuncu dəfə FİFA-nın reytinq cədvəlində 116-cı pillədə ötən ilin yanvarında olmuşdu.
0