Yığmamızı məğlub edən son komandaya FİFA-dan sərt cəza
21.11.2009 - 12:29
Yığmamızı məğlub edən son komandaya FİFA-dan sərt cəza
FİFA-nın Fövqəladə Məsələlər üzrə Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum İraq Futbol Assosiasiyası barədə sərt qərar çıxarıb. Bu ölkənin milli komandasının bundan sonra FİFA-nın bayrağı altında keçirilən bütün yarışlarda iştirakına qadağa qoyulub. İraq yığmaları nəinki rəsmi, heç yoldaşlıq oyunları da keçirə bilməyəcək. Belə ağır cəzaya səbəb İraqda dövlətin assosiasiyanın işinə ciddi müdaxilə etməsidir. Artıq neçə aydır ki, asiyalıların cəzalandırılmasının gündəmdə olması və dünyanın ən ali futbol təşkilatının xəbərdarlıqlarına baxmayaraq, vəziyyət müsbətə doğru dəyişməyib. FİFA İraqı bütün beynəlxalq futbol qurumlarında səs vermək hüququndan da məhrum edib. Üstəlik, maliyyə dəstəyini də itirən iraqlılara tətbiq edilən cəza, qəbul olunduğu gündən, yəni dünəndən qüvvəyə minib. Cəzanın müddəti qeyri-müəyyəndir.

Maraqlıdır ki, FİFA İraqın yalnız bir komandasına güzəştə edib. Belə ki, ölkənin 16 yaşadək qızlardan ibarət yığması diskvalifikasiya olunmayıb. Yeniyetmə qızlar 22-29 noyabr aralığında İordaniyada keçiriləcək regional yarışda mübarizə apara biləcəklər.

Qeyd edək ki, cəzaya məruz qalan İraq yığmasının son beynəlxalq oyunları Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnir çərçivəsində olub. Həmin yarışda öncə Azərbaycan, ardınca meydan sahiblərini eyni hesabla (1:0) məğlub edən iraqlılar Əl-Ayn şəhərini qalib tərk edib. İraq yığması milli komandamıza qalib gələn son komandadır.