“Araz”ın baş məşqçisi: İstəyimizi həyata keçirdik
23.11.2009 - 10:21
“Araz”ın baş məşqçisi: İstəyimizi həyata keçirdik
“İstəyimizi həyata keçirib ilk dəqiqələrdə hesabda üstünlüyə yiyələndik. Lakin birinci hissənin sonlarında konsentrasiyanı itirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva deyib.

Futzal üzrə UEFA kubokunun elit raundunun Bakıda keçirilən seçmə oyunlarında qrup qalibi olan Azərbaycan çempionunun çalışdırıcısı yetirmələrindən razı qalıb. Braziliyalı mütəxəssis son turun Qazaxıstan “Kayrat”ı ilə oyunundan (4:3) sonra həlledici xarakter daşıyan bu matçla bağlı fikirlərini açıqlayıb: “Rəqib konsentrasiyanı itirməyimizdən istifadə edib hesabı bərabərləşdirdi. İkinci hissədə üstünlüyü yenidən ələ alıb qələbə qazandıq. Uğurlu çıxışımızın davamını gətirməyə çalışacağıq”.

“Kayrat”ın baş məşqçisi Joao Karlos Barbosa isə Azərbaycan çempionunun güclü olduğunu etiraf etməli olub: “Gərgin və maraqlı oyun oldu. “Araz” qələbəyə layiq idi. Əvvəlki oyunlarda çox güc sərf etmişdik. Bu gün qələbə qazanmağa qüvvəmiz çatmadı”.