Samir Əliyev şeytanın qıçını qırdı, komandası yenə qələbə qazandı
23.11.2009 - 11:20
Samir Əliyev şeytanın qıçını qırdı, komandası yenə qələbə qazandı
Bakının “Neftçi” klubunun hücumçusu Samir Əliyev 246 gündən sonra Azərbaycan milli çempionatında qol vurdu. Apasport.az saytının hesablamalarına görə, 30 yaşlı futbolçu ölkə çempionatında sonuncu dəfə ötən mövsüm Salyanda - XIX tur çərçivəsində “Muğan”la oyunun 55-ci dəqiqəsində rəqib qapısına yol tapmışdı. Həmin görüş martın 21-də baş tutmuşdu və Əliyev Novruz bayramından indiyədək Premyer Liqada qol vura bilmirdi. Nəhayət, tilsim “İnter”lə ev oyununda qırıldı.

Liderlə görüşdə fasilədən dərhal sonra meydana çıxan Əliyev 76-cı dəqiqədə qələbə topunu vurmaqla, komandasına vacib 3 xal qazandırdı – 2:1. Maraqlıdır ki, hələ iki il öncə aldığı ağır zədə üzündən əsas heyətdə yerini itirən Samir Salyandakı görüşdə də ikinci hissədə meydana çıxmaqla fərqlənmişdi. Həmin vaxt kapitan Zair Tağızadəni əvəzləyən hücumçu bu dəfə türkmən komanda yoldaşı Nazar Bayramovun yerinə meydana çıxdı. “Muğan”la səfər oyununun “Neftçi”nin böyük hesablı qələbəsi (3:0) ilə nəticələndiyini nəzərə alsaq, Əliyevin qol vurduğu son görüşlərdə “ağ-qaralar” qalib gəlir.

Samir indiyədək milli çempionatda keçirdiyi 225 oyunda 81 qol vurub. Əslində, hücumçu cari mövsümdə rəqib qapısına yol tapsa da, bu, ölkə kubokuna təsadüf edib. Kubokun 1/8 final mərhələsi çərçivəsində birinci divizion təmsilçisi “Neftçi” İSM ilə hər iki oyunda fərqlənən Əliyev hesabında 3 qolla turnirin bombardirlər yarışında liderlər qrupunda yer alıb.