“Neftçi” klubunun qapıçısı ilk zərbəni həmyerlisindən aldı
23.11.2009 - 12:20
“Neftçi” klubunun qapıçısı ilk zərbəni həmyerlisindən aldı
Bakının “Neftçi” klubunun qapıçısı Paulis Qribauskas Azərbaycanda ilk qolunu buraxıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XI turunun “İnter”lə oyununadək ölkəmizdə qol buraxmayan 25 yaşlı legionerin quru seriyası həmşəhərliləri ilə qarşılaşmada qırılıb.

Flaqmanda keçirdiyi ilk 3 çempionat oyununun hər birində 90, ölkə kubokunda 45 dəqiqə meydanda olan Paulis “İnter”lə matçadək 315 dəqiqə idi qol buraxmırdı. Litvalı qapıçını XI turda keçirilən görüşün 66-cı dəqiqəsində elə həmyerlisi məyus etdi. Litvalı hücumçu Robertas Poşkus hesabı bərabərləşdirməklə, Qribauskası 381 dəqiqədə dayandırdı.

Paulisin çempionat oyunlarındakı quru seriyası isə daha uzundur. Belə ki, Azərbaycan çempionatındakı 336 dəqiqəni əvvəlki klubundakı dəqiqələrə əlavə edib. Flaqmana Rumıniyanın “Otselul” klubundan gələn litvalı bu ölkədəki son matçında qol buraxmayıb. Orada 34-cü turun iyunun 10-da baş tutan “Panduri” ilə oyununda Paulisin komandası 0:1 hesabı ilə uduzsa da, qapıçı meydanı qol buraxmadan tərk edib. Buna 74-cü dəqiqədə meydana girib 16 dəqiqə oynayan Qribauskasın həmkarı səbəb olub. Qol buraxan qapıçı qırmızı vərəqə aldığı üçün litvalı hesab artıq 0:1 olarkən meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Bundan əvvəl isə Paulis “Braşov”la mayın 29-da 1:1 nəticələnən qarşılaşmada meydana çıxmışdı.

Yarım il əvvəl oyunun 29-cu dəqiqəsində Oktavian Abrudanın qoluna üzülən Qribauskas Rumıniyanı 80 dəqiqəlik seriya ilə tərk etmişdi. Onun çempionatlardakı ümumi seriyasını qıran Robertas həmyerlisini seriyanın 413-cü dəqiqəsində məyus etdi.