Jaba: Azərbaycan milli komandasında sevə-sevə oynayaram
23.11.2009 - 12:55
Jaba: Azərbaycan milli komandasında sevə-sevə oynayaram
“Bakı” klubunun braziliyalı futbolçusu Jaba yeni arzusunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, mövsümlərarası fasilədə ölkəmizə təşrif buyurmuş 28 yaşlı hücumçu müsahibəsində Azərbaycan milli komandasının şərəfini qorumaq istədiyini bildirib.

- Yaydan bəri Azərbaycanda yaşayırsınız. Burada yaşayış tərzinə uyğunlaşa bilmisinizmi?
- İlk günlər burada özümü yaxşı hiss etmirdim. Çünki azərbaycanlıların yaşayış tərzi tam fərqlidir. Türkiyə və Braziliya mühitinə alışdığım üçün Azərbaycana uyğunlaşmaqdan ötrü bir qədər vaxta ehtiyacım oldu. Qonaqpərvər və istiqəlbli insanların sayəsində bunu nəhayət ki, bacardım. İndi burada qalmağımda problem yoxdur. Son vaxtlar günümün böyük hissəsini burada keçirirəm.

- Azərbaycanda tək qalırsınız, yoxsa ailənizi bura gətirmisiniz?
- Mən hələ evli deyiləm. Braziliyada həyat yoldaşın olacaq kəslə əvvəlcədən bir neçə il yaşayıb, sonra ailə qurursan. Mən də burada qız dostumla yaşayıram. Yaxın gələcəkdə ailə həyatı qurmağı düşünürük. Şərəfini qoruduğum “Bakı”da bir neçə braziliyalı var. Onlarla tez-tez söhbətləşirik, görüşürük. Həmyerlilərim Azərbaycana uyğunlaşmağımda böyük rol oynadılar. İnanmıram ki, bundan sonra hansısa problemlə üzləşim.

- Adətən Azərbaycanda futbol oynayan səviyyəli legionerləri milliləşdirib, əsas yığmaya cəlb edirlər. Dəvət gəlsə, Azərbaycan yığmasında oynamağa razılıq verərsinizmi?
- Mən Braziliyada nə aşağı yaş qruplarında, nə də əsas milli komandada forma geyinmişəm. Qanun baxımından Azərbaycan yığmasında oynamağımda heç bir problem yoxdur. Azərbaycan milli komandasında sevə-sevə oynayaram. Dediniz ki, oyunu ilə seçilən əcnəbiləri milliləşdirirlər. Əgər mənə belə bir dəvət olsa, şərəf duyaram. Mənim həmyerlilərim müxtəlif milli komandalarda çıxış edirlər. Məncə, öz ölkəmdə mənə qarşı münasibət dəyişməz.

- Bununla bağlı indiyədək sizə kimsə müraciət edibmi?
- Azərbaycanda hələ yeniyəm. Futbol adamlarının bir hissəsini tanımıram. Lakin məni futbol tədbirlərinə dəvət ediblər. Mən də böyük məmnuniyyətlə iştirak etmişəm. Hələlik mənimlə birgə olan adamlar bu barədə heç nə deməyiblər. Dəvət etsələr, oynayaram.

- Deməli, Azərbaycanda uzun müddət qalmaq fikrindəsiniz?
- Karyeramın böyük hissəsini ölkəmdən kənarda keçirmişəm. Vətəndən ayrı qalmaq artıq mənim üçün çətin deyil. Bakıda oynamaq ürəyimcədir. “Bakı”da çox qalmaq fikrindəyəm. Özümü xoşbəxt saya bilərəm. Çünki getdiyim hər yerdə sevilirəm.

- Bu vaxta qədər Azərbaycan yığmasının iştirakı ilə keçirilən hər hansı bir matçı izləmisənmi?
- Azərbaycan yığmasının Bakıda Rusiya ilə oyununu izlədim. Matç çox sürətli keçdi. Hesabın 1:1 olması məni sevindirdi.

- Azərbaycan milli komandasının heyətində hansı futbolçuları bəyənirsiniz?
- Azərbaycanda çox yaxşı futbolçular var. Bizim komandamızda olan Bəxtiyar Soltanovu qeyd edərdim. Rusiyanın qapısına qol vuran Vaqif Cavadov da yaxşı çıxış edir. Siyahını daha da genişləndirmək olar.

- Azərbaycanın gözəl guşələri var. Yayda müxtəlif ölkələrdən turistlər buraya dincəlməyə gəlirlər. Siz necə, qış və ya yay tətilini məhz Azərbaycanda keçirmək niyyətiniz varmı?
- İlin böyük hissəsini vətənimdən kənarda keçirirəm. Təbii ki, bu müddətdə mənim üçün darıxanlar olur. Siz deyirsiniz ki, mən tətildə də onlarla görüşməyim?

- Yox, biz sadəcə, Azərbaycanda tətil keçirməyinizi məsləhət görürük...
- Türkiyədə çıxış edəndə tətil zamanı Braziliyaya qayıdırdım. Ailəmi görmək, onların qayğıları ilə maraqlanmaq imkanım olurdu. Həm də Braziliyada tətil keçirməyin ləzzəti başqadır. Qarşıdakı tətillərimi də vətənimdə keçirmək arzusundayam. Bu mənada mənim üçün Braziliyadan ideal yer yoxdur.

Mənbə: “Çempion” qəzeti
0