“Xəzər-Lənkəran”ın “Yunis Hüseynov dərdi” 1658 gün çəkdi
23.11.2009 - 13:10
“Xəzər-Lənkəran”ın “Yunis Hüseynov dərdi” 1658 gün çəkdi
“Xəzər-Lənkəran” klubu “Yunis Hüseynov tilsimi”ni axır ki sındırdı. Apasport.az saytının hesablamalarına görə, Lənkəran təmsilçisi “Karvan”ın 44 yaşlı baş məşqçisini məğlub etmək üçün 1658 gün gözləməli oldu.

Cənublular uzun müddət davam edən həsrətə Unibank Premyer Liqasının son turunda Yevlaxda qazandığı 2:0 hesablı qələbə ilə nail oldu. Buna qədər sonuncu qələbə 2007-ci ilin aprelin 8-də Lənkəranda əldə edilmişdi ki, həmin vaxt meydan sahibləri “Karvan”ı 3:1 hesabı ilə məğlub etməklə, sonda mövsümü “qızıl dubl”la başa vurdu. “Xəzər-Lənkəran” bundan sonra Hüseynovla iki mövsüm görüşsə də, həmin 4 oyundan 3-də heç-heçə etdi, 1-də isə uduzdu. Özü də “Karvan” kimi “Standard”ın da ilk çalışdırıcısı kimi tarixə düşən Hüseynov bu komanda ilə də cənub təmsilçisini büdrədib (səfərdə 2:2).

2007/08 mövsümünün ikinci yarısında artıq Yevlax klubunun çalışdırıcısı kimi Lənkərana yollanan mütəxəssis bu dəfə qolsuz heç-heçəyə nail olub. Nəhayət, keçən çempionatının startınında evdə “Xəzər-Lənkəran” üzərində qələbə qazanan (1:0) Hüseynov səfərdən yenə 1 xalla, qolsuz bərabərliklə qayıtdı. Bu vacib xal itkisi lənkəranlılara sonda avrokuboklardan kənarda qalmaq bahasına başa gəldi.

Hüseynovla “Xəzər-Lənkəran”a rəhbərlik edən Ağasəlim Mircavadov bir-birlərini çox yaxşı tanıyırlar. Belə ki, keçmiş yarımmüdafiəçi Mircavadovun başçılığı altında SSRİ dövründə “Neftçi”də, müstəqillik dönəmində isə milli komandamızda oynayıb. 62 yaşlı məşqçinin işsiz qaldığı dövrdə “Karvan”a bağlılığı olub. Yəni Mircavadov 2004/05 mövsümünün ilk yarısında “Neftçi”nin sükanı arxasına keçənədək Hüseynovun dəvətini qəbul edərək, onun məsləhətçisi kimi işləyib. Mircavadov “Xəzər-Lənkəran”da ilk məğlubiyyətini 2006/07 mövsümünün ilk dövrəsində məhz Yevlaxda tələbəsindən alıb – 1:2. Hüseynov müəllimi olan Mircavadovla görüşlərə böyük motivasiya ilə yanaşaraq, nəticə qazanmağı bacarır. Ancaq cari çempionatında turnir cədvəlində sondan əvvəlki pillədə yer alan “Karvan” əvvəlki şücaətlərini göstərə bilmədi.

Qeyd edək ki, indiyə kimi ölkə kubokunda iki dəfə görüşən “Karvan”la “Xəzər-Lənkəran” hərəyə bir dəfə mübarizədən qalib ayrılıblar.
0