Əsgər Abdullayev istefa verdi
23.11.2009 - 14:53
Əsgər Abdullayev istefa verdi
“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Əsgər Abdullayev istefa verib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis bu gün səhər saatlarında istefa ərizəsini komandanın prezidenti Vaqif Qasımova təqdim edib.

Abdullayev ərizəsində qeyd edib ki, klubdakı ab-hava, futbolçular arasındakı münasibətdən razı deyil: “Bu klubun formalaşmasında, bir iddialı klub kimi qəbul olunmasında böyük xidməti və zəhməti olan bir məşqçi kimi bunlar məni razı sala bilməz. Dəyişikliyə zərurət olduğunu hiss edirəm. Bəlkə də bu vəziyyəti düzəltmək üçün mənim komandadan getməyim klubun əvvəlki nüfuzunu qaldırmağa kömək edəcək”.

Abdullayev 2006-cı ilin iyunundan bu komandanı çalışdırıb. 49 yaşlı mütəxəssisin bu komanda ilə ən böyük uğuru ötən il Premyer Liqada gümüş medal qazanması olub. İlk dövrəni 8-ci yerdə bitirən “Olimpik-Şüvəlan” “altılığ”a düşmək şansı az olsa da, ölkə kubokunda mübarizəni davam etdirir.
0