“Əsgər Abdullayev istefa verməkdə gecikdi”
23.11.2009 - 16:08
“Əsgər Abdullayev istefa verməkdə gecikdi”
“Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

- Komandanızın baş məşqçisi Əsgər Abdullayevin istefa verməsi sizin üçün gözlənilməz olmadı ki?
- Yox. Əksinə, mənim üçün lap gözlənilən oldu.

- Yəni, komanda uğursuz çıxış edirsə, baş məşqçi mütləq istefa verməlidir...
- Əlbəttə. Mən Əsgər Abdullayevin istefa verəcəyini gözləyirdim. Hesab edirəm ki, hələ o, bir az gecikdi.

- Belə çıxır ki, Abdullayev daha əvvəl istefa verməli idi?
- Gözlədim ki, özləri qərar qəbul etsinlər. Həyatda təsadüfi heç nə olmur. Görürsünüz də, komanda nə gündədir. Özünə hörmət edən məşqçi belə vəziyyətdə istefa verməlidir. Görünür, Abdullayev öz gücünə baxaraq, komandanın düzəldəcəyinə ümid edirmiş. Fikirləşirmiş ki, bəlkə nəyisə düzəltdim. Gördü ki düzləmir, istefa verdi də. Nə deyim?

- Amma hələ siz klubun prezidenti postuna gələndən sonra onun vəzifəsindən gedəcəyi haqda çoxlu söz-söhbət yayıldı...
- Bilirsiniz, komanda pis çıxış edəndə, oynaya bilməyəndə həmişə belə söz-söhbətlər gedir də. Bu, aydın məsələdir. Məgər görmüsünüz ki, yaxşı oynayan komandanın baş məşqçi haqda belə şeylər deyilsin?

- Abdullayevi çox yaxşı tanıyırsınız. Onunla milli komandada da bir yerdə çalışmısınız. Sizcə, Abdullayev kimi mütəxəssis niyə cari mövsümdə belə uğursuzluğa düçar oldu?
- Mən əvvəldən komandada olmadığımdan bunun səbəbini deyə bilmərəm. Fikrimcə, əsas problem transfer siyasəti ilə bağlıdır. Oyunçu seçimi düzgün aparılmayıb. Ayrı nə problem ola bilər ki? Yaxşı futbolçular olsaydı, komanda da yaxşı oynayardı.

- Həmişə oyunçu seçiminə xüsusi diqqət yetirən Abdullayevin bu dəfə yol verdiyi səhvləri nə ilə izah etmək olar?
- Vallah, deyə bilmərəm. “Qarabağ”la dünənki səfər məğlubiyyətindən sonra hələ də özümə gəlməmişəm. İndi bunlar haqda çox fikir bildirmək istəmirəm. Bunlar hamısı sonranın söhbətidir.

- Abdullayev yazdığı istefa ərizəsində qərarını əsas komandada ab-hava, futbolçular arasındakı münasibətin onu qane etməməyi ilə əsaslandırıb...
- Elə yazıb da.

- Başa düşürük. Bilmək istərdik, siz onun fikri ilə razısınız?
- Bəli. Əlbəttə, komandada ab-hava yaxşı deyil. Mən Abdullayevin fikri ilə tamamilə razıyam. Niyə razı olmayıb, ki? Yaxşı olsaydı, getməzdi ki.

- Maraqlıdır, yeni baş məşqçiniz kim olacaq?
- Bu gün bilinəcək. Daha sonra deyə bilərəm.

- Əsas namizəd kimdir?
- Qabaqcadan açıqlama vermək istəmirəm.

- Bu posta Nazim Süleymanovun adı daha çox hallanır...
- Hər şey ola bilər. Nazim da ola bilər, digər məşqçi də. Məndən söz almayın. Yeni baş məşqçinin adını bir qədər sonra biləcəksiniz.

- Abdullayevlə yanaşı, onun köməkçiləri, yəni bütün məşqçi heyəti istefa verib...
- Köməkçilərdən Qəhrəman Əliyev gedir. O birilərin məsələsi hələ açıq qalır. Yeni baş məşqçi gəlib, birdən-birə nədən başlamalıdır? Gərək baxsın da. Yeni baş məşqçi kiminlə işləməyi sonradan özü həll edər.

- Yəni, Abdullayevin əsas köməkçisi olan, özü ilə birgə gətirdiyi Novruz Əzimov vəzifəsində qalır...
- Bəli, o hələ ki işini davam etdirir.

- Heyətlə bağlı islahatlar aparmaq fikriniz varmı? Əsasən qvineyalı yarımmüdafiəçiniz Abdulkader Kamaranın komandadan çıxarılacağı deyilir...
- Kamaranı deyə bilmərəm, amma komandamızda böyük islahatlar aparılacaq. Əlbəttə ki, çox böyük dəyişikliklər olacaq. Futbolçu oynaya bilmirsə, kimə lazımdır? Niyə belə futbolçunu komandada saxlamalıyam ki? Bura pensiya şöbəsi deyil ki... Kim oynaya bilmirsə, hamısı komandadan çıxarılacaq.
0