“Muğan” rəhbərliyi kapitanı komandadan qovdu
23.11.2009 - 17:11
“Muğan” rəhbərliyi kapitanı komandadan qovdu
Salyanın “Muğan” klubu kapitanı Ruslan Qafitullinlə yollarını ayırıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, Ruslanın komandadan çıxarılması hazırlıq səviyyəsi ilə bağlı olub: “Ruslan son vaxtlar zəif oynayırdı. Onun çıxışı bizi qane etmirdi. Buna görə də Qafitullinlə vidalaşdıq”.

Vaxtilə müxtəlif yığmalarımızda forma geyinən 30 yaşlı Ruslan cari mövsümün əvvəlində “Muğan”ın müdafiə xəttinin liderlərindən idi. Onun başçılıq etdiyi arxa xətt 5-ci turda “Xəzər-Lənkəran”la səfər oyununa qədər etibarlığı ilə seçilib, qol buraxmasa da, sonradan vəziyyət pisliyə doğru dəyişdi. Belə ki, “Muğan” ilk dövrədə 16 top buraxmaqla, bu baxımdan yalnız son pillənin sahibi “Standard”dan (20) yaxşı göstəriciyə malikdir. Bu yay “Karvan”dan “Muğan”a keçən Qafitullin əvvəlki komandasında da hələ mövsümün gedişində çıxarılmışdı.

Qeyd edək ki, Ruslanın yoxluğunda kapitan sarğısı Arif İsayevə həvalə olunub.
0