AFFA daha bir mötəbər yarışın ev sahibliyinə namizədliyini verəcək
24.11.2009 - 00:04
AFFA daha bir mötəbər yarışın ev sahibliyinə namizədliyini verəcək
“Araz” futzal klubu UEFA kubokunun “Dördlər finalı” çərçivəsində oyunlarını Bakıda keçirilə bilər. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda müvafiq sənədlər toplanır.

“Bildiyiniz kimi, yarışın “Dördlər finalı”na yüksəlmiş istənilən klubun təmsil etdiyi ölkədə keçirilməsi mümkündür. Bunu nəzərə alaraq, namizədliyimizi irəli sürəcəyik. Yaxın günlərdə UEFA-dan bizə anket göndəriləcək və həmin sənədi doldurmaqla, rəsmən ev sahibliyinə namizəd olacağıq” – deyə Məmmədov vurğulayıb.

Baş katib “Dördlər finalı”nın keçirilməsi üçün infrastruktur baxımından problem yaşanmayacağını söyləyib: “Dördlər finalı”nda 4 oyun keçiriləcək. Biz əsas meydança kimi Bakı İdman Sarayını göstərəcəyik. Komandaların hazırlığı, məşqləri üçün isə Heydər Əliyev adına İdman-Konsert Kompleksini nəzərdə tutmuşuq”.

Qeyd edək ki, 2010-cu ilin aprelində baş tutacaq “Dördlər finalı”nda “Araz”la yanaşı, “Luparense” (İtaliya), “İntervyu” (İspaniya) və “Benfika” (Portuqaliya) klubları da mübarizə aparacaq.
0