“Qolu mənim, yoxsa başqa birinin vurmasının önəmi yoxdur”
23.11.2009 - 18:05
“Qolu mənim, yoxsa başqa birinin vurmasının önəmi yoxdur”
“İnter”lə ağır oyun oldu. Qolu mənim, yoxsa başqa birinin vurmasının önəmi yoxdur. Əsas məqsəd komandanın qələbə qazanması idi ki, buna da nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin hücumçusu Samir Əliyev deyib.

Flaqmanın rəsmi saytına açıqlama verən digər futbolçular da Azərbaycan çempionatının XI turunda “İnter” üzərində 2:1 hesablı qələbəyə görə sevindiklərini gizlətməyiblər. Komandanın uruqvaylı legioneri Valter Quqlemon bunları söyləyib: “Qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu qələbə həm mənim, həm də “Neftçi” üçün çox vacib idi”.

Estoniyalı müdafiəçi Taavi Rahn isə vurğulayıb ki, komanda xüsusilə birinci hissədə yaxşı oynayıb: “İlk yarıda daha yaxşı oynadıq. Ümumilikdə necə oynadığımızı nəticə göstərdi. Düzdür, ikinci hissəyə yaxşı başlamadıq. Bununla belə, əsas olan üç xalı qazandıq”.

“Neftçi”nin litvalı qapıçısı Paulius Qribauskas da məşqçilər korpusunun əməyini qeyd edib: “Çempionatın liderini məğlub etdiyimiz üçün çox şadam. Sevinirəm ki, qələbədə mənim də payım var. Komandamızı qollardan xilas etmək mənim vəzifəmdir. Hazırda reaksiyamın yüksək səviyyədə olmasında məşqçilər heyətinin rolu böyükdür”.
0