“Sözün düzü, mən buna çox sevindim”
23.11.2009 - 18:23
“Sözün düzü, mən buna çox sevindim”
“Olimpik-Şüvəlan”ın yeni baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi.

- Təyinatınız necə reallaşdı?
- Komandanın vitse-prezidenti Vaqif Qasımov mənimlə əlaqə saxlayıb dedi ki, görüşməyimiz lazımdır. Razılaşdım və baş məşqçi məsələsi barədə söhbətimiz oldu. Qasımov bildirdi ki, Əsgər Abdullayev istefa ərizəsini yazdığından məni baş məşqçi postunda görmək istəyir. Sözün düzü, mən buna çox sevindim. Vaqif müəllimə öz təşəkkürü bildirərək, təklifi qəbul etdim. Əlbəttə, hər bir mütəxəssisin arzusu baş məşqçi işləməkdir və öz fikirlərini, ideyalarını həyata keçirsin.

- Vaxtilə bir yerdə oynadığınız Abdullayevin istefa verməsi sizin üçün gözlənilməz olmadı ki?
- Bu məsələ mətbuatda çoxdan hallanırdı. Bildiyiniz kimi, mən 21 yaşlılardan ibarət yığmamızda seleksiyaçı məşqçi işləyirdim. Bununla yanaşı, “Bakı”da əvəzedicilərdən ibarət komandasını çalışdırırdım. Təklif real olmayandan sonra adam nə deyə bilər ki? İndi “Olimpik-Şüvəlan” variantı real olduğu üçün dəvəti dəyərləndirdim. Artıq heç bir problem yoxdur.

- Rəhbərliklə ilkin söhbətiniz olub. Bilmək istərdik, qarşınıza hansı vəzifə qoyulub? Komandanı bu çətin vəziyyətdən çıxara biləcəksinizmi?
- Çalışacağıq ki, irəliləyək və “altlığ”a düşək. Əgər komandamızın məqsədi yoxdursa, onda oynamağa nə ehtiyac var? “Olimpik-Şüvəlan”ın məqsədi var ki, bu da “altlılğ”a düşməkdir. Ən əsası, gələn mövsüm çox gözəl, yaxşı komanda yaratmaq və yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

- Yəni il yarımlıq müqavilə imzalanacaq ki, baş məşqçi növbəti mövsümdə də postunda olsun...
- Bəli. Gələn mövsüm mütləq yüksək yerlər uğrunda mübarizə aparmalıyıq.

- Amma razılaşın ki, komandanı yarı yolda götürmək çox çətindir...
- Əlbəttə, çətindir. Bilirsiniz, bu, bizim işimizdir. İlk dövrə də qurtardı. Sözsüz, çox istərdim ki, klublarda məşqçilər belə tez-tez dəyişilməsin. Məşqçilərə vaxt vermək lazımdır ki, onlar öz fikirlərini, ideyalarını həyata keçirsinlər. Mən Əsgər müəllimə də dərin təşəkkürümü bildirirəm ki, yaxşı komanda yaradıb. O, təcrübəli mütəxəssisdir, neçə ildir bu komandada çalışıb. Komanda var, sadəcə, bəzi problemləri həll etmək lazımdır.

- Klub rəhbərliyi əsas problem kimi oyunçu seçimini göstərir. Hesab etmirsiniz ki, “Olimpik-Şüvəlan”ın cari mövsüm üçün transfer siyasəti çox uğursuz olub?
- Bildiyiniz kimi, hər klubda yaxşı transferlər də var, pis transferlər də. Ona görə də çalışmaq lazımdır ki, vəziyyətdən çıxış yolu tapaq. Şəxsən mənim fikrim belədir ki, transferlərlə bağlı qərarı yalnız baş məşqçi verməsin. Yəni, məşqçilər heyəti, seleksiyaçı-məşqçi də bu məsələdə sərbəst fikrini bildirsin. Düzdür, axırıncı qərarı baş məşqçi verməlidir. Ancaq klubun içində olan məşqçilər də öz fikrini yürütməlidir.

- Köməkçilərinizin kim olacağını müəyyənləşdirmisinizmi?
- Yox. Təyinatım yeni olub və bu haqda fikirləşməmişəm. Bunu gələcək zamanda biləcəksiniz.

- Hər halda, vaxtilə birlikdə oynadığınız Novruz Əzimovu komandada saxlamaq fikriniz varmı?
- Baş məşqçi gəlirsə, öz komandasını da gətirir. Novruz Əzimovla bir yerdə oynamışıq. Ondan əlavə, “Olimpik-Şüvəlan”da qapıçılarla işləyən məşqçi var. Heç bir problem olmaz və kiminlə çalışacağımı zaman göstərəcək.

- Sələfiniz ilk olaraq komandada daxili ab-havadan, futbolçuların işə münasibətindən gileylənirdi. Bu problemi aradan qaldıra biləcəksinizmi?
- İndidən bunu 100 faiz həll edəcəyimi desəm düz çıxmaz. Gəlin, bunların hamısını zamanın öhdəsinə buraxaq. Əlbəttə, özümə inanmasaydım bu komandanı götürməzdim.

- Maraqlıdır, Əsgər müəllimlə heç olmasa telefonla danışmısınız?
- Sözün düzü yox. Elə sizinlə də klubun ofisindən danışıram. Klub rəhbərliyi ilə söhbətimiz indi qurtardığından hələ ofisdəyəm.

- Məşqçilər arasında halallıq məsələsinə necə baxırsınız?
- Halallıq olsa, daha yaxşı olar. Niyə də olmasın? Əsgər müəllimlə aramızda heç vaxt problem, soyuq ünsiyyət olmayıb. Həmişə aramızda isti münasibət olub.

- “Olimpik-Şüvəlan”ın cari mövsümdəki oyunlarını izləmisiniz?
- Olimpiya yığmamızda işimlə əlaqədar bütün oyunları izləyirdim. Bildiyiniz kimi, “Olimpik-Şüvəlan”da çıxış edən Hüseyn Axundov U-21-in də üzvüdür.

- Yəni, “Olimpik-Şüvəlan”ın oyununu özünüz üçün təhlil etmisiniz?
- Belə bir şey olmayıb.

- U-21-də fəaliyyətinizi davam etdirəcəksiniz?
- Yəqin ki, yaxın günlərdə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb bu məsələyə aydınlıq gətirəcəyəm.

- “Xəzər-Lənkəran”ı 2 dəfə çalışdırsanız da, fəaliyyətiniz qısa müddətli olub. İdeyalarınızın yeni klubda sonadək həyata keçiriləcəyinə necə yanaşırsınız?
- Klubundan asılı olmayaraq, hər bir çalışdırıcı baş məşqçi kimi işləmək istəyir. Əgər işi ürəyincədirsə, klub rəhbərliyi də ona dəstək olursa, bu sevindirici haldır. Əlbəttə, hər bir məşqçiyə vaxt lazımdır ki, öz fikirlərini həyata keçirsin.
0