“Biz bununla kifayətlənmək istəmirik” – MÜSAHİBƏ
24.11.2009 - 00:46
“Biz bununla kifayətlənmək istəmirik” – MÜSAHİBƏ
Ölkə futzalının lokomotivi sayılan Naxçıvanın “Araz” komandası beynəlxalq arenada uğurlu çıxış etməyə davam edir. Naxçıvan təmsilçisi UEFA kubokunun elit raundunun D qrupunda uğurlu çıxış edərək hər 3 oyunu qələbə ilə başa vurdu. Qrupun sonuncu oyununda Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşan “Araz” 4:3 hesablı qələbə qazanaraq adını “Dördlər finalı”na yazdırmağı bacardı. İlk dəfə Avropanın 4 ən güclü komandasından biri olan “Araz” növbəti mərhələdə daha güclü rəqiblərlə qarşılaşacaq. Komandanın uğur qazanması münasibətilə “Araz”ın kapitanı Rizvan Fərzəliyevlə söhbət edərək arxada qalan oyunlar və gələcəklə bağlı fikirlərini öyrəndik. “Kayrat”la sonuncu oyunda emosionallığı ilə seçilən kapitan uğurlu çıxışı davam etdirəcəklərini dedi.

- Əvvəlcə, “Dördlər finalı”na vəsiqə qazanmağınız münasibətilə təbrik edirəm. İstərdik sonuncu - “Kayrat”la görüş haqda fikirlərini bildirəsən.
- Özünüz də gördünüz ki, gərgin oyun oldu. O biri rəqiblərlə müqayisədə “Kayrat” çox güclü idi. Əvvəlki oyunlarda 7:1 və 7:0 hesablı qələbə qazandığımızdan bu görüşdə bizi heç-heçə də qane edirdi. Ancaq biz heç-heçə ilə kifayətlənmək niyyətində deyildik. Qələbə qazanmağı qarşımıza məqsəd qoymuşduq. İlk dəqiqələrdən üstünlüyü ələ alıb lazım olan qolları vurduq. Ancaq hissənin sonlarına yaxın nəsə oldu və oyundan qopduq. Rəqibdə bundan istifadə edib 5-ci oyunçunu meydana buraxdı. Müdafiəyə çəkilmək məcburiyyətində qaldıq. Nəticədə rəqib istəyinə nail olub, ardıcıl qollar vuraraq hesabı bərabərləşdirdi.

- Baş məşqçiniz Joze Alesio Da Silva ilk hissənin sonlarına yaxın komandanın konsentrasiyanı itirdiyini dedi. O anda nə baş verdi?
- Bəli, ilk hissənin sonlarına yaxın ilk “dördlük”dəki futbolçularda yorğunluq müşahidə olundu. Rəqib də 5-ci oyunçunu meydana buraxaraq bizi müdafiəyə sıxışdırdı. Təəssüflər olsun ki, müdafiədə buraxdığımız kobud səhvlər qollarla nəticələndi. Fasilədə dedik ki, “bu nəticə bizim işimizə yarayır. Ona görə də ikinci hissəyə hesab sanki 0:0 kimi başlamalıyıq”. Bilirdik ki, bir az təzyiqi artırsaq, rəqib səhvlərə yol verəcək. Fasilədən sonra yenidən təşəbbüsü ələ alıb öz oyunumuzu oynamağa başladıq. Ancaq bayaq da dediyim kimi, komandada yorğunluq hiss olunurdu. Bunun nəticəsi idi ki, bir müddət hesabda önə keçə bilmədik. Vaxt bizim lehimizə işləyirdi. Biz hücumlarımızın kəsərini artırdıqca “Kayrat” da kobud oynamağa başladı. Nəticədə penalti vurmaq hüququ qazandıq. Penaltini dəqiq yerinə yetirib hesabda önə keçdik.

- Heç oyun ərzində ümidsizliyə qapıldığınız an oldumu?
- İkinci hissədə çalışırdıq ki, ilk qolu biz vuraq. Əgər onlar qol vursaydı, işimizi çətinləşəcəkdi. “Kayrat”ın güclü komanda olduğunu bilirdik. Ona görə də oyuna ciddi yanaşırdıq. Düzdür, o biri qarşılaşmalarda böyükhesablı qələbə qazansaq da, heç bir rəqibə dırnaqarası yanaşmırdıq. Final matçında səhv etməyə ixtiyarımız yox idi. Bilirdik ki, buraxılacaq bir səhv bizi növbəti mərhələyə çıxmağa qoymayacaq. Amma hesab 3:3 olarkən belə ümidsizliyə qapılmadıq. Mübarizə aparmadan qələbə qazanmaq, nəticə əldə etmək olmur. İkinci hissədə söz verdik ki, çıxıb qələbə qazanmalıyıq.

- Ümumiyyətlə, elit raunddakı rəqiblər haqda məlumatınız var idimi? Növbəti mərhələyə vəsiqə qazanacağınıza inanırdınızmı?
- “Kayrat”ın Avropanın 4 ən güclü komandasından biri olduğunu bilirdik. Demək olar ki, tez-tez dördlər finalına vəsiqə qazanırdı. Ancaq həmişə 3-cü və ya 4-cü yerlə kifayətlənib. “Atina 90” komandası ilə bir dəfə Xorvatiyada qarşılaşmışdıq. Güclərinə bələd idik. Latviya komandası haqda elə də məlumatımız yox idi. Bilirdik ki, bu rəqiblərdən ən güclüsü “Kayrat”dır. Əsas rəqib kimi məhz “Kayrat”ı görürdük. Bilirdik ki, “Kayrat”la görüşdə yaxşı nəticə əldə etsək, “Dördlər finalı”na vəsiqə qazana bilərik. Final görüşündə heç-heçə bizi qane etsə də, layiqli qələbə qazanaraq Azərbaycan futzalında ilkə imza atdıq.

- Bu, Azərbaycan futzalı üçün böyük uğurdur. Dördlər finalındakı rəqiblərinizdən xəbəriniz varmı? Hansı komandalarla qarşılaşacağınızı bilirsinizmi?
- Bəli, A qrupundan İtaliyanın “Luparense”, B qrupundan Portuqaliyanın “Benfika” və C qrupundan İspaniyanın “İntervyu” komandaları vəsiqə qazanıblar. Təəssüflər olsun ki, rəqiblər haqda hələlik heç bir məlumatımız yoxdur. Bilirik ki, çox güclü rəqiblərdir. Ümumiyyətlə, elit mərhələdə zəif rəqiblər olmur, o ki, qaldı “Dördlər finalı”nda. Ancaq biz bununla kifayətlənmək istəmirik. Məqsədimiz ölkəmizin adını daha da layiqli təmsil edib, yaxşı nəticələr qazanmaqdır.

- Səncə, komanda eyni uğuru “Dördlər finalı”nda da davam etdirə biləcəkmi, yoxsa gücü buraya qədərdir?
- Dediyim kimi, bununla kifayətlənmək niyyətində deyilik. Çalışacağıq ki, dördlər finalında da uğurlu çıxış edək. Komandanın buna gücü çatar. Çünki səviyyəli futbolçulardan təşkil olunmuş komandamız var. Sağ olsun rəhbərlik də bizim üçün hər bir şərait yaradıb. Əgər bura qədər gələ bilmişiksə, nəyə görə “Dördlər finalı”nda eyni uğuru təkrarlamayaq?

- Elit raundun Bakıda təşkil olunması komandaya nə kimi əlavə üstünlük qazandırdı?
- Birincisi heç bir komanda evdə uduzmaq istəməz. Bu oyunların Bakıda keçirilməsi bizim üçün əlavə üstünlük idi. Nə idi bu üstünlüklər? Sağ olsunlar, azarkeşlər hər oyunda sonacan bizə dəstək oldular. Son oyunda da bizi qələbəyə səsləyərək həvəsləndirdilər. Rəqib komandaların bizi evimizdə udmaları çətin idi. Məncə, növbəti mərhələyə çıxmağımızda doğma meydan amilinin də böyük rolu oldu. Ancaq inandırım sizi, bu oyunları başqa ölkədə keçirsəydik də, növbəti mərhələyə vəsiqə qazanacaqdıq. Çünki komanda olaraq inanırdıq ki, vəsiqə qazana bilərik.

- Bir kapitan kimi komandanın çatışmayan əsas cəhətlərini nədə görürsən?
- Şübhəsiz, hər komandanın müəyyən çatışmazlıqları var. Bizim də həmçinin. Heç bir komanda bundan sığortalanmayıb. Amma bu, komandanın daxili işidir. Məşqçimiz də komandada nəyin çatışmadığını yaxşı bilir. Növbəti mərhələnin oyunlarına qədər bunun üzərində çalışacağıq.

- Son olaraq nə demək istərdin?
- Növbəti mərhələyə çıxmağımız münasibətilə azarkeşləri təbrik edirəm. Bu tək “Araz”ın deyil, bütün Azərbaycan futbolunun - futzalının qələbəsidir. Azarkeşlərə xüsusi təşəkkür edirəm. Hər oyunda bizə yetərincə dəstək oldular.

Mənbə: “Futbol dünyası” qəzeti
0