“Ehtiyatda qalan legioner mənə lazım deyil”
24.11.2009 - 00:01
“Ehtiyatda qalan legioner mənə lazım deyil”
“Məlum olduğu kimi, “Birlik kuboku” turnirinin keçirilmə tarixi Unibank Premyer Liqasında yaranacaq fasiləyə təsadüf edəcək. Biz bu yarışa getməyə qərar vermişik. Çünki Azərbaycan üçün önəmli turnirdirsə, iştirak etmək lazımdır. Rusiyada ölkəmizi ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Ənənəvi turnirdən sonra heyətdə islahatların aparılacağını istisna etməyən Məmmədovun bildirdiyinə görə, baş məşqçi Bülənt Korkmaz yarış zamanı heyətə əl gəzdirə bilər: “Ola bilsin ki, baş məşqçi turnirin gedişində heyətə əl gəzdirib, yeni futbolçuları sınaqdan keçirsin. Bəzi oyunçuların taleyinə həmin yarışdan sonra aydınlıq gələcəyi gözlənilir. "Birlik Kuboku" komandamızın hazırlıq prosesinə nə cür təsir göstərir-göstərsin, orda iştirak etməliyik. Söhbət tək "Bakı"dan getmir. Çünki Moskvada Azərbaycanı təmsil edəcəyik”.

Paytaxt təmsilçisinin prezidenti həmçinin qeyd edib ki, heyətdəki legionerlərin sayı xeyli azalacaq: “17 legioner bizim üçün çoxdur. Legionerlərin üzvlük haqqına görə Peşəkar Futbol Liqasına ən çox rüsum ödəyən klubuq. 17 yox, 5-6 legioner saxlayaram. Amma elə legionerlər gətirərik ki, indikilərdən 4-5 dəfə güclü olacaq. Xərc yenə artmır. 17 nəfərə verilən pulu onlar arasında bölsək, daha səviyyəli komanda düzələr. Bülənt Korkmazın istədiyi futbolçuları gətirməyə çalışacağıq. Argentinada, elə Avropanın özündə səviyyəli futbolçular çoxdur. Gəlib ehtiyatda qalan legioner bizə lazım deyil”.
0