Ermənilər Azərbaycan çempionundan yenə qorxdu
24.11.2009 - 10:15
Ermənilər Azərbaycan çempionundan yenə qorxdu
“Pünik” komandası yenə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılmayacaq. Apasport.az saytının məlumatına görə, işğalçı ölkə təmsilçisi ardıcıl 4-cü dəfə Ermənistan çempionu olsa da, ənənəvi yarışda iştirakdan imtina edib.

Klub rəhbərliyi ölkənin futbol federasiyasına göndərdiyi rəsmi məktubda bildirib ki, gələn ilin yanvarında Moskvada təşkil olunacaq turnirə getməyəcəklər. Buna səbəb kimi “Birlik Kuboku”nun keçirildiyi süni örtüklü meydançada oynamaq istəmədikləri göstərilib. “Pünik”i son çempionatın gümüş mükafatçısı “Mika” klubunun əvəzləyəcəyi gözlənilir.

Xatırladaq ki, “Pünik” 2006-cı ilin yanvarında “Birlik kuboku”nun yarımfinalında “Neftçi” ilə oyuna çıxmaqdan qorxmuşdu. Bu səbəbdən təşkilatçılar erməniləri cəzalandırmışdı. Yəni, bundan sonra “Pünik” çempion olsa da, yarışa qatılmaq hüququndan məhrum olduğu üçün Ermənistanı başqa komanda təmsil edirdi. Həmin il “Birlik kuboku”nun qalibi olan “Neftçi” bundan bir il öncə “Pünik”i ¼ finalda məğlub etmişdi – 2:0. Bu dəfə ölkəmizi Moskva turnirində son çempionumuz “Bakı” klubu təmsil edəcək.
0