Unibank Premyer Liqasında istefalar çoxalır, yoxsa?
24.11.2009 - 11:28
Unibank Premyer Liqasında istefalar çoxalır, yoxsa?
Unibank Premyer Liqasında cari mövsümün I dövrəsində 4 klub baş məşqçisini dəyişdi. “Bakı” makedoniyalı Qyoko Hacıyevskini türkiyəli Bülənt Korkmazla, “Neftçi” Böyükağa Ağayevi Vaqif Sadıqovla, “Standard” litvalı Valdas İvanauskası Böyükağa Hacıyevlə, “Olimpik-Şüvəlan” isə Əsgər Abdullayevi Nazim Süleymanovla əvəzlədi. Əslində, ilk dövrədən sonra baş məşqçi istefalarının sayı 5 olsa da, “Karvan” rəhbərliyi Yunis Hüseynovun komandadan ayrılmasına icazə vermədi.

İlk baxışdan yalnız birinci dövrə üçün bu qədər baş məşqçi istefası çox görünsə də, əslində, bu belə deyil. Təsadüfi deyil ki, ötən mövsüm elə I dövrədə 5 klub baş məşqçini dəyişdirmişdi. İlk istefalar “Turan” və “Bakılı”dan gəldi. Tovuz təmsilçisi türkiyəli Mustafa Yılmazı komandadan qovaraq, onu gənc Rasim Əliyevlə əvəzlədi. Bu təyinat öz bəhrəsini verdi və Əliyev “Turan”ı elitada saxlamağı bacardı.

Ardından “Bakılı” Nadir Qasımovu Bəxtiyar Qulamovla əvəzlədi. Ancaq Qulamov komandanı Premyer Liqada saxlaya bilmədi. Ötən mövsüm tarixində ən zəif çıxışı ilə yadda qalan “Neftçi” Ukraynaya yola saldığı Anatoli Demyanenkonun yerinə baş məşqçi postuna almaniyalı Hans-Yurgen Gedeni gətirdi. Ancaq milli komandamızda həmyerlisi Berti Foqtsun köməkçisi olan Gede flaqmanı lap pis günə qoydu. Ölkə kubokunda da uğursuz çıxış edən Neftçi” çempionatı özünə yaraşmayan yerdə - 8-ci pillədə başa vurdu.

Son 2 istefa isə ilk dövrənin sonunda reallaşdı. Rasim Kara sona bir tur qalmış, mövsüm öncəsi atıb getdiyi “Qarabağ”dan Lənkəranda aldığı məğlubiyyəti həzm edə bilməyərək, postundan ayrıldı. “Xəzər-Lənkəran” türkiyəli mütəxəssisi olimpiya çempionumuz İqor Ponomaryovla əvəzləsə də, bu da müsbət nəticə vermədi. Çempionatı 4-cü yerdə bitirən cənub təmsilçisi tarixində ikinci dəfə qitə miqyaslı turnirə çıxa bilmədi. Nəhayət, ilk dövrə bitən kimi Kaxaber Sxadadze istefa verərək, “Standard”ı Gürcüstanın olimpiya yığmasına dəyişdi. Həmin vaxt paytaxtı təmsil edən komanda baş məşqçi postunu Sxadadzenin köməkçisi olmuş həmyerlisi Badri Kvaratsxeliyaya tapşırsa da, gürcü məşqçi də mövsümün sonuna kimi işləyə bilmədi. “Standard” baş məşqçi əvəzi olan Rafiq Mirzəyevlə çempionatı 7-ci yerdə bitirdi.

İndiki istefalardan sonra “Bakı” ilə “Neftçi”nin çıxışında müsbət dəyişiklər hiss olunur. Paytaxt təmsilçiləri əvvəlki çalışdırıcıları ilə müqayisədə turnir cədvəlində vəziyyətini yaxşılaşdırıblar. “Standard” Hacıyevin rəhbərliyi altında ölkə kubokunda mərhələ adlasa da, bu, Premyer Liqada öz əskini tapmayıb. Yəni, cari mövsümdə Sumqayıtı təmsil edən komanda son pillədə, özü də qələbə üzünə həsrət qalıb. “Standard”ın turnir cədvəlində qonşusu olan “Karvan” Hüseynovu saxlasa da, çempionatda daha da gerilədi, ölkə kubokundan isə kənarda qaldı. Süleymanovun debütü hələ baş tutmadığı üçün “Olimpik-Şüvəlan”da baş məşqçi dəyişikliyinin necə effekt verəcəyini zaman göstərəcək.

Foto: extratime.az
0