“Xəzər-Lənkəran” - “Bakı”: Başıbəlalı matçın 79 dəqiqəlik 3-cü seriyası
24.11.2009 - 12:15
“Xəzər-Lənkəran” - “Bakı”: Başıbəlalı matçın 79 dəqiqəlik 3-cü seriyası
Sabah Unibank Premyer Liqasının I dövrəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ilk dövrənin son qarşılaşması Lənkəranda baş tutacaq ki, I turdan təxirə salınmış matçda “Xəzər-Lənkəran” “Bakı” klubunu qəbul edəcək. Özü də bu görüş “altılığ”a düşmək uğrunda mübarizədə vacib oyun sayılır. Hər halda, cənub təmsilçisi “qızıl xal” sisteminə əsasən hazırda ən yaxşı göstəriciyə malik olsa da, “Bakı”ya məğlubiyyət vəziyyəti köklü sürətdə dəyişəcək. Yəni, bu halda lənkəranlılar turnir cədvəlində 6-cı pilləni qonaqlara təhvil verəcək və I dövrənin yekunlarına görə “altılıq”dan kənarda qalacaq.

“Xəzər-Lənkəran” - “Bakı” görüşünü başıbəlalı oyun da saymaq olar. Hər halda, bu matç iki dəfə nəzərdə tutulan vaxtda keçirilmədi. Təqvimə əsasən avqustun 14-16-ı aralığına təyin edilən qarşılaşma “Bakı”nın avrokuboklarda çıxışı ilə əlaqədar təxirə salındı. Sentyabrın 16-a təyin olunan görüş bu dəfə havanın şıltaqlığı ucbatından baş tutmadı. Belə ki, Lənkərana yağan leysan ot örtüyünü bərbad hala saldı. Meydançada futbol əvəzinə sanki su polosu oynayan komandalar bir dəfə görüşün dayandırılmasının şahidi oldular. Öncə baş hakim AFFA nümayəndəsi ilə məsləhətləşdikdən sonra oyunu davam etdirməyə qərar verdi. Ardından isə yağış yenə öz sözünü dedi və bu dəfə görüş birdəfəlik dayandırıldı. Protokolda matçın 11-ci dəqiqədə yarımçıq dayandırılması göstərilib və qaydalara görə, komandalar həmin vaxtdan, yəni 79 dəqiqə mübarizə aparacaq. Görəsən, başıbəlalı oyunun 3-cü seriyası necə olacaq?

Arxada qalan müddətdə “Xəzər-Lənkəran”dan fərqli, “Bakı”da bir sıra dəyişiklər olub. Sözsüz ki, bu, ilk növbədə baş məşqçi ilə bağlıdır. Yəni, paytaxt komandasını indi meydana makedoniyalı Qyoko Hacıyevski yox, türkiyəli Bülənt Korkmaz çıxaracaq. Hacıyevski “Xəzər-Lənkəran”la oyundan bir həftə sonra istefa verdi. Lənkəranda görüşdə iştirak edən rumın hücumçu Daniel Oprita, habelə braziliyalı müdafiəçi Rafael Barboza və argentinalı yarımmüdafiəçi Fernando Peres artıq “Bakı”da deyil. Korkmaz Oprita ilə Barbozanın xidmətində maraqlı olmadı, Peres isə öz istəyi ilə komandanı tərk etdi.

17:00. "Xəzər-Lənkəran" - "Bakı"
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Azər Məmmədov, Əfqan Həmzəyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Lənkəran. Mərkəzi stadion
0