AFFA milli komandanın müdafiəçisini cəzalandırdı
24.11.2009 - 13:37
AFFA milli komandanın müdafiəçisini cəzalandırdı
Bu gün AFFA-nın mənzil-qərargahında İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, İK həftəsonu baş tutan matçlarda baş verənləri müzakirə edərək uyğun qərarlar çıxarıb.

XI turun "Standard" - "Qəbələ" matçında 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 1000 manat cərimə olunub. Görüşün 78-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan İqor Melnik 2 oyunluq cəzalanmaqla yanaşı, qəbələliləri də 2000 manat ziyana salıb.

"Simurq" - "Turan" qarşılaşmasının 36-cı dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibləri 2000 manat ziyana düşüb. "Qarabağ" - "Olimpik-Şüvəlan" oyununun 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan Elnur Allahverdiyev növbəti turda da “istirahət edəcək”. Azərbaycan milli komandasının müdafiəçisinə görə ağdamlılar 200 manat cərimə olunub. Bundan başqa, 79-cu dəqiqədə meydançaya kənar əşya atılması da "Qarabağ"ı xərcə salıb. Onlar daha 2000 manat ödəyəcək. Qarşılaşmanın 86-cı dəqiqəsində "Olimpik-Şüvəlan"ın futbolçusu Sergey Laşenkov meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və paytaxt futbolçularını 200 manat ziyana salıb.

"Neftçi" ilə oyunun 90-cı dəqiqəsində meydandan qovulmaqla "İnter"i azlıqda qoyan Mahir Şükürov 1 oyunluq cəza və komandasına 200 manat cərimə “qazanıb”.
0