UEFA futbolçumuzu “Gizli istedad” nominasiyasında fərqləndirdi
24.11.2009 - 14:01
UEFA futbolçumuzu “Gizli istedad” nominasiyasında fərqləndirdi
UEFA Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) futbolçusu Vurğun Hüseynovun qəhrəmanlığına qiymət verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu həftənin seçilənləri arasında yığmamızın gənc üzvünə də yer verib.

Hüseynov müdafiəçi olsa da, Avropa çempionatının seçmə mərhələ çərçivəsində Avstriya ilə səfər oyununda 56 dəqiqə qapıda dayanıb. Buna da səbəb görüşün 34-cü dəqiqəsində qapıçımız Elçin Sadıqovun birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması olub. Həmin vaxt ehtiyatda qapıçı olmadığı üçün meydandakılardan kimsə “çərçivə”də durmalı idi. Hamıdan cürətli çıxan Hüseynov sinəsini qabağa verərək, bu ağır məsuliyyətin altına girdi. Digər qapıçımız Aqil Məmmədov zədələndiyi üçün kənarda qalsa da, bu, U-21-nin baş məşqçisi Bernard Lippertə haqq vermir. Hər halda, alman mütəxəssis belə problemləri göz önünə gətirərək, səfərdəki rəsmi oyuna 2 yox, 3 qapıçı aparmalı idi.

İstənilən halda, bütün bunlar UEFA-nın da diqqət mərkəzinə düşdü və Vurğun Hüseynov “Gizli istedad” nominasiyasında fərqləndirilib. “Qəbələ” klubunda çıxış edən müdafiəçinin qapıçı formasını, əlcəkləri necə geyinməsi, “çərçivə”də inamlı oyunu, komanda yoldaşlarının ona komplimentləri, hətta zarafatca mövqeyini dəyişib, bundan sonra qapıçı olmağı təklif etməsi əks olunub. Bir sözlə, yığmamızın Avstriyada 0:4 hesabı ilə uduzduğu görüşdə Vurğunun son iki qolu buraxması onu qınamağa əsas vermir.
0