“Qalatasaray” Elanonu satır
24.11.2009 - 16:39
“Qalatasaray” Elanonu satır
“Qalatasaray” rəhbərliyi məşhur futbolçu Elano Blumerlə yollarını ayırır. Apasport.az saytının türk mətbuatına istinadən xəbərinə görə, “Cim Bom” rəsmiləri yayda 7 milyon avroya transfer olunan 28 yaşlı braziliyalı yarımmüdafiəçini satmaq fikrindədir.

İngiltərənin “Mançester Siti” klubundan böyük ümidlərlə alınan Elanonun çıxışı rəhbərliyi razı salmır. Onların səbr kasasını hesabat turunda “Manisaspor”la evdə 1:1 hesabı ilə nəticələnən oyun daşdırıb. Belə ki, Blumerin “Əli Sami Yen” stadionunda çılğın tərəfdarların önündə oynamasına baxmayaraq, meydanda varlığını belə göstərmədiyi qeyd olunub. Görüşün 71-ci dəqiqəsində Elanonu əvəzləyən afrikalı Saidu Keytanın qısa zamanda ondan çox faydalı olduğu bildirilir.

Braziliyalının belə oyununa biganə qalmayan klub rəhbərliyi baş məşqçi Frank Raykaardla görüşüb. Müzakirələrdən sonra qərara alınıb ki, Elano ilə bağlı gələn ilk münasib təklif qəbul olunsun.

Elano “Qalatasaray”ın heyətində keçirdiyi 15 oyunda 4 qol vurub.