Azərbaycan futbol klubları beynəlxalq turnirə dəvət alıb?
25.11.2009 - 16:45
Azərbaycan futbol klubları beynəlxalq turnirə dəvət alıb?
Gələn ilin yanvarında Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılacaq “Bakı” ilə yanaşı, digər Azərbaycan klubları da beynəlxalq yarışda qüvvəsini sınamaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz Ukraynada təşkil olunacaq turnirə dəvət olunub.

Fevralda Krımda düzənlənəcək yarış istənilən klubumuz qatıla bilər. Belə ki, “Krımteplitsa Sport Arena” kompleksinin direktoru Aleksandr Qudin MDB ölkələrinin klublarının hamısını turnirə dəvət edib. O, postsovet məkanı təmsilçilərini qış toplanışını keçirmək üçün öz bazalarına çağırmaqla yanaşı, qonaqlar üçün turnir təşkil edəcəklərini də bildirib: “İstənilən Ukrayna və MDB klubu gəlib bazamızda hazırlıq keçə bilər. Onlar fevraldakı turnirdə də, ondan başqa keçiriləcək yoxlama oyunlarında da bir-biri ilə qüvvəsini sınaya bilər. Bunun üçün bizimlə əlaqə saxlamaqları kifayətdir. Artıq bir sıra komandalar bizim xidmətlərin səviyyəsi ilə tanış ola bilib”.

Qeyd edək ki, bir müddət Azərbaycan milli komandasına cəlb olunan Ruslan Zeynalov yığmanın toplanışına “Krımteplitsa” klubundan çağırılırdı.