Əvvəla, ötən və cari mövsümün iştirakçıları dəyişməyib. Sadəcə, fərq ondadır ki, indi çempionatda 14 yox, 12 klub mübarizə aparır və “Bakılı” ilə MOİK artıq birinci divizionda çıxış edirlər. Təbii ki, indi oyunların sayı azdır və bu da xal ehtiyatında öz əksini tapır. “İnter”in ardıcıl ikinci mövsüm “qış çempionu” olması diqqət çəkir. Fərqli məqam odur ki, “bankirlər” bu dəfə vahid lider deyil. “İnter” eyni xala malik “Simurq”la “Qarabağ”ı şəxsi oyunlarda göstəriciyə görə qabaqlayır. Komanda ötən mövsüm 1-ci pilləni qoruya bilməyərək, sonda 2-ci oldu və “Bakı”nın çempionluğu ilə barışdı. Görəsən, “İnter”ə budəfəki qış çempionluğu sonda nə qazandıracaq?
İlk dövrələrin müqayisəsini aparanda ən çox irəliləyən klubun “Qəbələ” olduğunu görürük. Ramiz Məmmədovun çalışdırdığı komanda ötən il birinci dövrəni 10-cu pillədə başa vurmuşdusa, bu dəfə 4-cü oldu. Göründüyü kimi, qəbələlilər arxada qalan bir ildə 6 pillə irəliləyib. “Karvan” isə bu qədər geriləməklə, ən uğursuz komandadır. Keçən il birinci dövrəni 5-ci yerdə bitirən Yevlax təmsilçisi indi turnir cədvəlində axırdan əvvəlki pillədədir. Ümumiyyətlə, 2004-cü yaradılan “Karvan” tarixinin ən zəif mövsümünü keçirir. İlk iki mövsümdə müvafiq olaraq bürünc və gümüş medal qazanan, Azərbaycan kubokunun finalçısı, ən nəhayət, UEFA kubokunda mərhələ keçən ilk klubumuz olan “Karvan” indi güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparır.
Hazırda yevlaxlıların baş məşqçisi olan Yunis Hüseynovun keçmiş komandası da ən zəif dövrünü keçirir. Təsadüfi deyil ki, “Standard” ilk dövrədə qələbə qazanmayan yeganə komanda oldu. Yeri gəlmişkən, ötən mövsümün birinci yarısında son pillədə başa vuran “Turan”ın da qələbəsi yox idi. Ancaq Tovuz təmsilçisi “Standard”la müqayisədə daha çox xal toplamağı bacarıb.
Maraqlıdır ki, Hüseynovla “Standard”ı ilk dövrənin gedişində qəbul edən həmkarı Böyükağa Hacıyev yaxın keçmişdə tam fərqli vəzifəni yerinə yetirmək uğrunda mübarizə aparırdı. Hacıyev 2005/06 mövsümün sonuna yaxın “Bakı”nın sükanı arxasına keçməklə, “Karvan”a çempionluq yolunda badalaq vurdu. Həmin mövsüm uzun müddət 1-ci pillədə olan yevlaxlılar sonda “Bakı”nı qabağa buraxıb, gümüş mükafatla kifayətlənməli oldu. Göründüyü kimi, Hacıyevlə Hüseynov vaxtilə qızıl və gümüş medal əldə etmək, indi isə Premyer Liqada qalmaq uğrunda çalışırlar.
Ötən mövsümün ilk dövrəsi
| komandalar | O | Q | H | M | T | X |
1 | İnter | 13 | 9 | 4 | 0 | 28-8 | 31 |
2 | Bakı | 13 | 9 | 2 | 2 | 31-6 | 29 |
3 | Simurq | 13 | 8 | 4 | 1 | 18-8 | 28 |
4 | Xəzər-Lənkəran | 13 | 8 | 2 | 3 | 24-12 | 26 |
5 | Karvan | 13 | 8 | 1 | 4 | 19-11 | 25 |
6 | Olimpik | 13 | 7 | 4 | 2 | 17-10 | 25 |
7 | Qarabağ | 13 | 7 | 3 | 3 | 19-15 | 24 |
8 | Standard | 13 | 6 | 2 | 5 | 12-13 | 20 |
9 | Neftçi | 13 | 3 | 4 | 6 | 11-11 | 13 |
10 | Qəbələ | 13 | 3 | 3 | 7 | 13-14 | 12 |
11 | Bakılı | 13 | 1 | 3 | 9 | 9-32 | 6 |
12 | Muğan | 13 | 1 | 2 | 10 | 9-24 | 5 |
13 | MOİK | 13 | 1 | 2 | 10 | 6-26 | 5 |
14 | Turan | 13 | 0 | 4 | 9 | 3-29 | 4 |
Cari mövsümün ilk dövrəsi
| komandalar | O | Q | H | M | T | X |
1 | İnter | 11 | 7 | 2 | 2 | 22-12 | 23 |
2 | Simurq | 11 | 7 | 2 | 2 | 15-9 | 23 |
3 | Qarabağ | 11 | 7 | 2 | 2 | 10-5 | 23 |
4 | Qəbələ | 11 | 6 | 2 | 3 | 15-13 | 20 |
5 | Neftçi | 11 | 6 | 1 | 4 | 10-7 | 19 |
6 | Xəzər-Lənkəran | 11 | 5 | 4 | 2 | 13-6 | 19 |
7 | Bakı | 11 | 5 | 2 | 4 | 8-7 | 17 |
8 | Olimpik-Şüvəlan | 11 | 3 | 3 | 5 | 11-15 | 12 |
9 | Turan | 11 | 3 | 2 | 6 | 14-16 | 11 |
10 | Muğan | 11 | 3 | 2 | 6 | 7-16 | 11 |
11 | Karvan | 11 | 1 | 2 | 8 | 10-17 | 5 |
12 | Standard | 11 | 0 | 2 | 9 | 9-20 | 2 |