Svetkov yatıb, Doroş “qol maşını” alıb - ARAŞDIRMA
26.11.2009 - 12:34
Svetkov yatıb, Doroş “qol maşını” alıb - ARAŞDIRMA
Azərbaycan çempionatında bombardirlik yarışında məhsuldarlıq azalıb. Apasport.az saytının hesablamalarına görə, ötən mövsüm bolqarıstanlı hücumçu İvan Svetkov ilk dövrəni 10 qolla lider qismində başa vurmuşdusa, onun moldovalı həmkarı Anatoli Doroş budəfəki marafonu 6 topla ilk yerdə bitirib. Düzdür, Premyer Liqa iştirakçılarının sayı ötən illə müqayisədə azaldığından, ilk dövrədə 13 yox, 11 oyun keçirmək lazım gəlir. Sözsüz ki, bu amil məhsuldarlığa öz mənfi təsirini göstərir. Buna baxmayaraq, oyun sayının aşağı düşməsi futbolçuların az qol vurmasına haqq qazandırmamalıdır. Təsadüfi deyil ki, 25 yaşlı Doroş çempionatda artıq 4 matçıdır (təxminən bir ay) rəqib qapısına yol tapa bilmir. Svetkov isə ötən mövsümlə müqayisədə, fiaskoya uğrayıb. Həmin vaxt hətta poker edən İvan indi ilk dövrədə cəmi bir qol vurub. Bunun da məntiqi nəticəsidir ki, “Xəzər-Lənkəran”ın 28 yaşlı futbolçusu hücumdakı tərəfdaşlarının kölgəsində qalıb. Söhbət Alan Lalinlə Denis Kalinkovdan gedir. Hər iki əcnəbi hücumçu ölkəmizdə debüt mövsümünü keçirir. Doroşun ən yaxın izləyicisi olan Lalin gələn ilin yayında Honduras milli komandasının heyətində dünya çempionatının final mərhələsində iştirak etmək istəyirsə, ən azı çempionatımızın bombardiri olmaqla, diqqət mərkəzinə düşməlidir. “Xəzər-Lənkəran”ın ilk dövrədə vurduğu 13 qoldan 10-u Svetkov, Lalin və Kalinkovun payına düşür.

Bombardirlik yarışının liderləri arasında digər debütantlar litvalı Robertas Poşkusla ukraynalı İqor Melnikdir. Poşkusun “İnter”dəki braziliyalı komanda yoldaşı Leonardo Roşa isə 2007/08 mövsümündə Bakının “Standard” klubunda oynayıb. Yeri gəlmişkən, Roşa bombardirlik marafonunun ən yaxşıları arasında yeganə yarımmüdafiəçidir. Qalanları isə hücumçudur.

Sizə təqdim etdiyimiz siyahıda ən azı 4 qol vuran futbolçuları göstərmişik. Maraq üçün qeyd edək ki, ilk dövrədə 3 qol vuran 10, 2 qol vuran isə 18 oyunçu var. Təbii ki, ən sərrast futbolçuların statistikasında legionerlərin çox olması diqqət çəkir. Bu baxımdan azərbaycanlı futbolçuların nüfuzunu Samir Musayev qoruyur. “Turan”ın 30 yaşlı hücumçusu cari çempionatda ilk het-trikin müəllifi kimi (“Muğan”la səfər oyununda – 3:2) tarixə düşüb. “100-lər klubu”na yaxınlaşan Samir 20 qolla 2003/04 mövsümündə bombardir olub.

Qeyd edək ki, ilk dövrənin bombardiri olan Doroş ölkəmizdə xeyli müddətdir çıxış edir və “Olimpik-Şüvəlan” onun 4-cü klubudur. Buna qədər qolçuluq bacarığını “MKT-Araz”, “Standard” və “Karvan”da göstərən moldovalı hücumçu çempionatımızda 59 oyunda 24 qol vurub. Anatoli ötən mövsüm şərəfini qoruduğu “Karvan”ın heyətində 16 görüşdə 6 dəfə fərqlənib. Bu qollardan 5-i ilk, 1-i isə ikinci dövrəyə təsadüf edib.

2009/10 mövsümünün ilk dövrəsinin bombardirlər siyahısı
Anatoli Doroş (Moldova, “Olimpik-Şüvəlan”) – 6 qol
Alan Lalin (Honduras, “Xəzər-Lənkəran”) – 5
Leonardo Roşa (Braziliya, “İnter”), Robertas Poşkus (Litva, “İnter”), İqor Melnik (Ukrayna, “Qəbələ”), Denis Kalinkov (Moldova, “Xəzər-Lənkəran”), Samir Musayev (“Turan”) - 4