Böyük klublarımızın başının bəlası
26.11.2009 - 13:33
Böyük klublarımızın başının bəlası
Böyük futbol klublarının böyük dərdi, böyük bəlası olur. Belə komandalar üçün bəzən adi futbolçu da kabusa çevrilir. Avropada “cırtdan” səviyyəsində olmalarına baxmayaraq, bəzi klublarımız Azərbaycan miqyasında böyük sayılır. Elə “Xəzər-Lənkəran”ı da belələrinə şamil etmək olar.

Ölkə futbolunun nəhənglərindən olan Cənub təmsilçisinin başının bəlasına isə Əhməd Ticani çevrilib. Ardıcıl 2 ildir Lənkəran şəhər stadionunda qol sevinci yaşayan nigeriyalı yerli azarkeşlərin də qəniminə çevrilməkdədir. Ötən il ölkə kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında “Bakı”nın yeganə qolunu vurmaqla, səfərdəki 1:0 hesablı qələbənin memarı olan Əhməd Bakıdakı 2:2-yə baxmayaraq, yarımfinala çıxmağın əsas səbəbkarı olmuşdu. Elə dünən komandalar arasında baş tutan matçda da Ticani fərqlənməyi bacardı.

Düzdür, bu dəfə Əhmədin komandası qələbə hesabını qoruya bilmədi. Lakin Lənkəranda azarkeş dolu stadionunda 1 xal da qələbəyə bərabərdir. Meydan sahiblərini isə qazanılan 1 xaldan daha çox itirilən 2 xal məyus edir. Üstəlik, qolu Ticaninin vurması. Çünki uzun müddət komandanın düşərgəsindən kənarda qalan və hətta “Bakı”dan qovulacağı gündəmdə olan nigeriyalı formasını bərpa edər-etməz “Xəzər-Lənkəran”ın qapısına yol tapdı.

Əslində, bunda da qeyri-adi bir şey yoxdur. Axı Azərbaycana gəlib-getmiş ən səviyyəli afrikalı adına iddia edən Əhməd ölkəmizdə olduğu 4 ildə bir imic qazanıb: böyüklərin başının bəlası. O, həm “Şahdağ”, həm də “Bakı”da oynadığı müddətdə zəif rəqiblərə qarşı bir qədər zəif oynasa da güclü, iddialı komandaların qəniminə çevrilib. Nigeriyalının 2005-ci ilin yayında başlayan Azərbaycan karyerasının startı belə başlayıb.

2005/06 mövsümünün ilk turunda iddiasız "Şahdağ" o vaxt ölkə çempionu adını daşıyan "Neftçi"nin qonağı idi. Bir il əvvəl güclülər dəstəsindəki yerini güclə qoruyan qonaqlar matçın əvvəlində hesabı açmaqla, bakılılara şok yaşatdı. Təbii ki, flaqmanın qənimi Əhməd idi. Debüt matçında qol hesabını açan nigeriyalının komandasının 1:3 hesabı ilə uduzduğu matç qalmaqalla nəticələndi. O vaxt 20 yaşı olan Ticaninin siftəsi Zöhrab Qədiyevin hakimlikdən kənarlaşdırılması ilə yadda qaldı. Sonrakı 2 turu susan hücumçu 4-cü turdan başlayaraq qol yağışı yağdırdı. Ardıcıl 6 çempionat oyununda üst-üstə 8 qol vurdu. Özü də "Karvan", "İnter", "Xəzər-Lənkəran" və "Qarabağ" kimi komandalar da onun qurbanları arasında idi. Əhməd elə lənkəranlıların meydanında qol vurmağı da onda öyrəndi. Matç Cəlilabadda baş tutsa da, nigeriyalı üçün bunun fərqi yox idi. Ağdamlılar isə Ticaninin əlindən “qan ağlayırdı”. Axı “qarabala” onların qapısına bir oyunda 3 qol vurmuşdu.

Ümumiyyətlə, 2005-ci ilin payızı Nigeriya küləyi bərk əsirdi. Kuboku da nəzərə alsaq, legioner ardıcıl 8 matça 12 top vurdu. İkinci dövrə başlayan kimi, Əhməd yenə “Neftçi”nin qapıçısını məyus etdi. “Şahdağ”da keçirilən növbəti – sonuncu mövsümdə nisbətən zəif oynayan futbolçu yenə “Qarabağ” və “Xəzər-Lənkəran”ın qapısına yol tapdı. Heyətində 57 matça 25 qol vurduğu “Şahdağ”ı tərk edən Ticani 2007-ci ilin yayında “Bakı”ya keçdi.

İntertoto kubokunun Moldova “Daçiya”sı ilə qarşılaşmalarında debüt edən futbolçu qol vura bilmədiyi üçün ehtiyat oyunçular skamyasına göndərildi. Böyükağa Hacıyevin istefasına qədər Əhmədə bir də şans verən olmadı. Qyoko Hacıyevskinin gəlişi isə hər şeyi dəyişdi. “Neftçi” ilə prinsipial qarşılaşmada het-trikə imza atan nigeriyalı flaqmanın da tarixinə düşdü. O Azərbaycan klublarının heyətində birinci və sonuncu oyunçu oldu ki, “Neftçi”nin qapısından 1 oyunda 3 top keçirdi.

“Bakı”dakı son iki mövsümdə 46 oyuna 16 top vuran legioner kubokun Lənkəranda qeyd etdiyimiz oyununda da dəyərli qol vurdu. Ən qiymətli qollar isə ötən mövsümün son turuna təsadüf etdi. Çempion olmaq üçün son turda qələbə qazanmalı olan bakılılar “Muğan”la görüşdə 4:0 hesabına sevindi. Sürüşkən – 1:0 hesabı ilə öndə olan komandanın heyətində sonradan meydana çıxan Əhmədin dublu demək olar ki çempionluğun taleyini həll etdi. Cari mövsümdə isə Əhməd yalnız 2 kubokun 2 oyunundan birində qol vurmuş, 9 çempionat matçını boşa vermişdi. Onuncu qarşılaşmada isə yenə prinsipiallığın olması nigeriyalı üçün əlavə stimul oldu.

Qeyd edək ki, legioner Azərbaycan karyerasında üst-üstə keçirdiyi 115 qarşılaşmada artıq 43 qol vurub. Bunların da çoxu iddialı – böyük rəqiblərlə qarşılaşmalarda qeydə alınıb.

Vüqar XEYRULLAYEV