“Bakı”nın 1530 günlük həsrəti bitəcəkmi?
26.11.2009 - 14:47
“Bakı”nın 1530 günlük həsrəti bitəcəkmi?
Unibank Premyer Liqasının XII turunda “Bakı” və “Xəzər-Lənkəran” arasında keçiriləcək qarşılaşma xüsusi prinsipiallıq kəsb edir. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin orta sıralarında qonşu olan komandalar 6-cı pillə uğrunda mübarizə aparmaqla yanaşı, həm də 5 ildir davam edən prinsipial rəqabətlərini davam etdirəcək. Əsası 2004-cü il avqustun 22-də qoyulan bu qarşıdurmalar hələ ki, 11 çempionat və 4 kubok görüşündən ibarətdir. Ümumi balansda tərəflər hərəyə 4 qələbə qazanmaqdan başqa, 7 dəfə bərabərliklə kifayətlənib. Top fərqi isə cənubluların xeyrinədir – 14:11.

Çempionat matçlarına gəlincə, üstünlük lənkəranlıların tərəfindədir: 3 qələbə, 6 heç-heçə və 2 məğlubiyyət. Daha çox qol sevinci yaşayan lənkəranlılar topların sayında öndədir - 10:7. Fərqin o qədər də böyük olmamasına baxmayaraq, bakılılar 4 ildən çoxdur rəqibini məğlub edə bilmir. Kubokdakı nəticələri nəzərə almasaq, “Bakı” axırıncı dəfə 2005-ci il avqustun 22-də qalib gəlib. Həmin vaxt Cəlilabadda keçirilən oyunda qonaqlar Emin İmaməliyevin vurduğu qol sayəsində səfərdən 3 xalla qayıtmışdı.

Ümumilikdə, 4 qələbəsindən 3-ü səfərdə əldə edən paytaxt futbolçuları son 1530 gündə baş tutan 8 çempionat matçında “Xəzər-Lənkəran”ı uda bilməyib. Bu görüşlərin 6-da heç-heçə qeydə alınıb. Xüsusilə, Bakıda baş tutan qarşılaşmalar “sülh”lə nəticələnir. 2004-cü ildəki oyun istisna olmaqla, rəqiblər paytaxtdakı duelləri 1 xalla başa vurur.

mövsüm

“Bakı”nın meydanı

“Xəzər-Lənkəran”ın meydanı

çempionat

 

 

2004/05

2:0

0:2

2005/06

1:1

1:0

2006/07

0:0

0:1

2007/08

2:2

0:0

2008/09

0:0

0:3

2009/10

 

1:1

kubok

 

 

2006/07, 1/2 final

0:2

1:0

2008/09, 1/4 final

2:2

1:0