“Bu uğura sevinməyənlər azərbaycanlı deyil”
26.11.2009 - 16:42
“Bu uğura sevinməyənlər azərbaycanlı deyil”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun apasport.az saytına müsahibəsi

- Bir neçə gün öncə Azərbaycan futzalında tarixi uğur qazanıldı. Naxçıvanın “Araz” komandası ilk dəfə Avropanın ən səviyyəli klub turniri olan UEFA kubokunun “Dördlər finalı”na yüksəldi. “Araz”ın bu uğura nail olacağını gözləyirdinizmi?
- Bildiyiniz kimi, elit mərhələnin Bakıda keçirilən oyunlarında əsas rəqib Qazaxıstanın “Kayrat” klubu idi. Yarışdan öncə “Araz”ın şanslarını 50-50-yə qiymətləndirirdim. Çünki 2007-ci ildə “Kayrat” “Araz”ın indiki baş məşqçisi Joze Alesio da Silvanın səyləri nəticəsində “Dördlər finalı”na vəsiqə qazanmışdı. Qazaxıstan təmsilçisinin heyətində 2 yerli futzalçı var idi. Qalan heyət isə braziliyalı və italyanlardan təşkil olunmuşdu. Həm də baş məşqçi postunu təcrübəli Joao Karlos Barbosa tuturdu. Yəni “Kayrat” çox güclü komanda idi. Şəxsən mən bu klubdan ehtiyatlanırdım. Buna baxmayaraq, futzalçılarımız AFFA, futzal federasiyası və “Araz” rəhbərliyinin dəstəyi sayəsində əzmkar oyun nümayiş etdirərək, inanılmaz uğura imza atdılar.

- “Araz” dəfələrlə “Dördlər finalı”nın astanasında olsa da, həlledici məqamda büdrəyirdi. Sizcə, bu dəfə komandamız nəyin sayəsində bu mötəbər turnirin son mərhələsinə vəsiqə qazandı?
- Düzgün qeyd etdiniz ki, “Araz” əvvəllər “Dördlər finalı”na yüksəlməyə çox yaxın olurdu. Məsələn, ötən il elit mərhələdə iki qələbə qazanmağımıza baxmayaraq, Moskva “Dinamo”suna uduzduğumuza görə mübarizəni erkən dayandırdıq. Bu dəfə “Araz”ın qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməsində təbii ki, AFFA rəhbərliyin dəstəyini və baş məşqçi amilini fərqləndirərdim. Ümumiyyətlə, “Araz”da həmişə səviyyəli məşqçilər işləyiblər. Hacıbala Abdullayev, Arkadi Belıy, Andrey Yudin, Böyükağa Hacıyev klubun uğurlarında pay sahibidir. Joze Alesio da Silva isə dünyada çox tanınmış, səviyyəli, təcrübəli məşqçidir. O, 8 il “Barselona”da oynayıb. Alesio Moskva “Spartak”ında və “Kayrat”da baş məşqçi vəzifələrini uğurla yerinə yetirib. Ümidvaram ki, o, gələn il yanvarında Macarıstanda keçiriləcək Avropa çempionatında da öz sözünü deyəcək və onun rəhbərliyi altında milli komandamız yüksək pillələrdən birini tutacaq.

- Lakin “Araz”ın uğuru heç də birmənalı qarşılanmayıb. Milli komandamızın keçmiş baş məşqçisi Elman Ələkbərov yarışdan sonra verdiyi müsahibədə Joze Alesio da Silvanı tənqid edib...
- Çox gülünc ifadələrin yer aldığı həmin müsahibəni oxumuşam. Fikrimcə, peşəkar məşqçi heç vaxt belə müsahibə verməz. Da Silvanın fəaliyyətini tənqid etmək, taktiki gedişlərdə səhvlər buraxdığını söyləmək əlbəttə, yersizdir. Həmin Elman Ələkbərovun başçılıq etdiyi yığmamız bir neçə il öncə Portuqaliyaya 0:8, 1:8 hesabı ilə uduzurdu. Ancaq Joze Alesio da Silva milli komandamızı çalışdırdıqdan sonra belə nəticələr aradan qalxdı. Bu il Portuqaliya yığması bizimlə oyunda məğlubiyyətdən güclə qurtardı. Komandamız 3:2 hesabı ilə qalib gəlirdi, portuqaliyalılar yalnız son saniyələrdə vurduqları qolun sayəsində məğlubiyyətdən yaxa qurtardılar. Fərqi özünüz aydın görürsünüz. Qısa vaxtda yığmamız çox inkişaf edib. Yəqin ki, Elman Ələkbərov “sağ ol” demək əvəzinə belə əsassız fikirlər söyləyir. İnsan başqası haqda danışanda, gərək keçmişdəki işini də yadına salsın. “Araz” təkcə Naxçıvanı deyil, bütün Azərbaycanı Avropada layiqincə təmsil etdi. Bu günlərdə Avropa mətbuatında, hətta UEFA-nın rəsmi saytında da “Araz”ın göstərdiyi nəticələrə geniş yer verilib. Belə bir vaxtda bu cür danışmaq... İfadəmdən utanmıram: məncə, “Araz”ın uğuruna sevinməyən insanları azərbaycanlı saymaq olmaz!

- “Dördlər finalı”nın Bakıda keçirilməsi ehtimalı var. Bu mötəbər yarışa ev sahibliyi etmək üçün paytaxtımızın namizədliyini irəli sürəcəksinizmi?
- UEFA-nın reqlamentinə görə, “Dördlər finalı”nın keçiriləcəyi zalda oturacaqların sayı ən azı 5 min olmalıdır. Bundan başqa, hava limanı, eləcə də otel zaldan müəyyən məsafədə yerləşməlidir. Bizdə bu standartlara uyğun zal var: Heydər Əliyev adına İdman-Konsert Kompleksi. UEFA Futzal Komitəsinin rəsmiləri Bakıda olarkən, həmin kompleksə baş çəkdilər və buradan razı qaldılar. Ev sahibliyinə namizədliyimizi vermək üçün dekabrın 2-dək vaxtımız var. Biz müvafiq sənədləri göndərəcəyik və “Dördlər finalı”nın təşkilatçılıq hüququnun Bakıya verilməsinə çalışacağıq. UEFA Futzal Komitəsi namizəd şəhərlərin infrastrukturunu, şəraitini müzakirə etdikdən sonra yekun qərar verəcək. Azərbaycan futzal ölkəsidir. Dövlət başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Bakıda mötəbər yarışların keçirilməsi artıq ənənə halını alıb. İnanırıq ki, “Dördlər finalı” paytaxtımızda təşkil olunacaq növbəti belə turnirlərdən biri olacaq.

- Həlledici mərhələyə qədər “Araz”ın heyətinin gücləndirilməsi nəzərdə tutulubmu?
- “Araz” 2009/10 mövsümünün yekunlarına əsasən, Avropada ən pis halda, 4-cü yeri tutacaq. Ancaq biz bununla kifayətlənmək istəmirik. Klub rəhbərliyinin gələcəklə bağlı böyük planları var. “Dördlər finalı”nadək bir neçə futzalçı baxışa dəvət olunacaq və heyət gücləndiriləcək.

- Milli komandamızla bağlı sual vermək istəyirəm. Gələn ilin yanvarında Macarıstanda keçiriləcək Avropa çempionatında yığmamızdan hansı nəticəni gözləyirsiniz?
- Bu, qitədə son 4 ilin ən mötəbər futzal yarışı olacaq. Avropanın 12 ən güclü kollektivi Budapeşt və Debretsen şəhərlərində mübarizə aparacaq. Qitə çempionatına ciddi hazırlaşırıq. Artıq seleksiya işlərinə başlanılıb, yığmaya namizədlər sınaqdan keçirilir. Həmçinin, dekabrın sonlarında keçiriləcək ənənəvi Bakı turnirində də özünü yaxşı tərəfdən göstərən futzalçılar yığmaya namizəd qismində cəlb ediləcəklər. Yanvarın 2-3-dən etibarən isə son hazırlıq mərhələsi start götürəcək. İlk dəfə Avropa çempionatının final mərhələsində qüvvəsini sınayacaq yığmamıza böyük ümidlər bəsləyirik. Qənaətbəxş nəticə qazanmaq üçün milli komandamızın potensialı var.

- Sizə elə gəlmir ki, təqvim bizim üçün heç də yaxşı deyil? Yığmamız çempionatın birinci matçında Macarıstanla qarşılaşacaq, bundan 2 gün sonra Çexiya ilə görüş olacaq. Yəni, futzalçılarımızın istirahətinə çox az vaxt qalacaq.
- Həqiqətən də qitə birinciliyinin açılış matçı milli komandamızın üzvlərində əlavə məsuliyyət yaradır. Çünki bütün diqqətlər ilk oyuna yönələcək. İstərdik ki, biz də 4 gün istirahət edək. Lakin təqvim UEFA tərəfindən tərtib olunub. Hamıya məlumdur ki, yığmamız həm Macarıstandan, həm də Çexiyadan üstündür. Qrup mərhələsində uduzmamaqla, 1/4 finala vəsiqə qazanmaq niyyətindəyik.

- Federasiya prezidenti kimi, yığmamızın qarşısına hansı vəzifəni qoyacaqsınız?
- Minimum vəzifə 1/4 finala yüksəlmək olacaq. Özü də qrup qalibi qismində mərhələ adlamaq istəyirik. İkinci yeri tutacağımız təqdirdə, 1/4 finalda güclü İtaliya komandası ilə üz-üzə gəlmək ehtimalı var. Maksimum vəzifə isə mükafatçılar sırasında yer almaqdır.

- Sonda. Oktyabr ayında milli komandamızın Braziliya yığması ilə görüşü planlaşdırılmışdı. Bu oyun nəyə görə baş tutmadı?
- Sırf vaxt məsələsi üzündən braziliyalılarla oynaya bilmədik. Onlar “Araz”ın UEFA kubokunda çıxışından 2 gün sonra Braziliyaya gəlməyimiz istəyirdilər. Yorğunluq və 20 saatlıq uçuşun ardından Braziliyaya qarşı oynamaq futzalçılarımıza ağır olardı. Bunu nəzərə alıb, yoldaşlıq matçı üçün 18 oktyabrı təklif etmişdik. Bu tarixlə də qarşı tərəf razı deyildi. Braziliya Futzal Federasiyasının rəhbərliyi ilə sıx əlaqələrimiz var. Gələn ilin əvvəllərində, daha doğrusu Avropa çempionatından sonra milli komandamız Braziliya yığması ilə səfərdə 2 yoldaşlıq görüşü keçirəcək.