Hacıyevski “Bakı”dan ayrılıb, yeni klubla müqavilə bağladı
27.11.2009 - 11:08
Hacıyevski “Bakı”dan ayrılıb, yeni klubla müqavilə bağladı
“Bakı” klubun sabiq baş məşqçisi Qyoko Hacıyevski Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinə tarixində ikinci çempionluğu qazandıran makedoniyalı mütəxəssis bakılılarla yollarını birdəfəlik ayırıb.

İki ay əvvəl baş məşqçi postundan istefa verərək məsləhətçi kimi komandada qalan Hacıyevski bundan sonra Kiprdə çalışacaq. “Atromitos”la iki illik müqavilə imzalayan çalışdırıcı aşağı dəstə klubunun baş məşqçisi olacaq. Onun qarşısına ötən mövsüm güclülər dəstəsini tərk edən komandanı yenidən elitaya çıxarmaq vəzifəsi qoyulub.

Makedoniyalı dünən axşam “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşərək klubdan ayrılmasını müzakirə edib. Məmmədov onun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirərək buna görə çalışdırıcıya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Mütəxəssis isə Azərbaycan üçün darıxacağını vurğulayıb.

Qeyd edək ki, 2007-ci ilin sentyabrında Bakı“nıən baş məşqçisi təyin olunan Hacıyevski 2 ildən sonra bu ilin sentyabrında istefa verib. Bu müddətdə o kluba çempion titulu qazandırıb.