“Azərbaycan yığması çox çətin rəqibdir” - MÜSAHİBƏ
27.11.2009 - 14:27
“Azərbaycan yığması çox çətin rəqibdir” - MÜSAHİBƏ
Futzal üzrə Çexiya milli komandasının baş məşqçisi Tomaş Neyman UEFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, gələn ilin yanvarında Macarıstanda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan yığması və meydan sahibləri ilə bir qrupda yarışacaq çexlərin çalışdırıcısı turnirlə bağlı fikirlərini açıqlayıb.

- Avropa çempionatı haqda nə düşünürsünüz?
- Çox maraqlı qrupda yer almışıq. Çünki bu qrupda biz də, Macarıstan da, Azərbaycan da qalib ola bilər. Eyni zamanda, onların hər biri qrup sonuncusu kimi mübarizəni də dayandıra bilər. Bir sözlə, bizim qrupda favorit yoxdur. Düşünürəm ki, hər 3 rəqib eyni səviyyədədir.

- Konkret son turda qarşılaşacağınız meydan sahiblərini necə dəyərləndirirsiniz?
- Onların yaxşı komandası var. Sürətli və texnikalı oyunçulardan təşkil olunublar. Lakin macarlarla qarşılaşmaya böyük ümidlər bəsləyirəm.

- Bəs yanvarın 21-də qarşılaşacağınız Azərbaycan haqda nə deyərdiniz?
- Çox çətin rəqibdir. Heyətlərində bir neçə braziliyalı və bildiyimə görə, 3 rusiyalı futzalçı da var.

- Xorvatiya ilə mübarizədə final mərhələsinə vəsiqə qazandınız. Bu komandanı qarşıdakı rəqiblərinizlə müqayisə edə bilərsiniz?
- Düşünürəm ki, onlar da bizim seçmə qrupda oynasaydı, uğur qazanardılar. Sadəcə, bizim üçün xorvatlarla matç dəhşətli alındı. Amma sonda istəyimizə çatıb 3:2 hesabı ilə qalib gəldik.

- İki il əvvəl Portuqaliyadakı qitə birinciliyində bütün oyunları uduzub, 17 qol buraxdınız. İndiki komandanız daha güclüdür?
- Portuda ilk qarşılaşmada Rumıniyaya uduzmuşduq. Həmişə ilk matç önəmlu olur. Bu dəfə ilk rəqibimiz Azərbaycandır. Biz də yarışa qələbə ilə başlamaq istəyirik.

- Çexiya yığması Avropa çempionatında hansı nəticəyə ümid edə bilər?
- Biz qrup qalibi olmaq istəyirik. Belə olan halda, 1/4 finalda B qrupunun qalibi yox, ikincisi ilə oynayacağıq. Həmin qrupda böyük ehtimalla İtaliyanın qalib gələcəyi gözlənildiyindən Ukrayna və ya Belçika ilə qarşılaşmaq daha yaxşıdır.