Şahin Diniyev: Yenə erməni!
28.11.2009 - 11:47
Şahin Diniyev: Yenə erməni!
Sabah Rusiya Premyer Liqasında növbəti mövsümə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolsevərlərin bütün diqqəti Nalçik şəhərinə yönələcək.

Burada yerli “Spartak” Şahin Diniyevin baş məşqçisi olduğu Qroznının “Terek” klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq görüş meydan sahibləri üçün daha böyük əhəmiyyət kəsb edir. Axı “Spartak” “Terek”ə qalib gələcəyi halda, turnir cədvəlində 11-ci pilləni rəqibin əlindən alacaq. Hələ “Amkar”la “Rostov”un da qroznılıları arxada qoymaq şansının olduğunu nəzərə alsaq, Şahin Diniyevin komandası uğursuz nəticə sayəsində turnir cədvəlində birdən-birə 3 pillə geriləyib, 14-cü yerə düşə bilər.

Ancaq istənilən halda, “Terek”in birinci diviziona düşmək təhlükəsi yoxdur və komanda Premyer Liqada yerini qorumaq vəzifəsini çoxdan yerinə yetirib. Əslində, Diniyev son turda qələbə qazansa da, indiki mövqeyini yaxşılaşdıra bilməz. Çünki “Terek” 10-cu yerdəki “Krılya Sovetov”la xalları bərabər olsa belə, şəxsi göstəricilərə görə ondan geri qalır. Yeri gəlmişkən, Diniyev əsas komandaya müvəqqəti baş məşqçi təyin edildikdən sonra debütündə məhz “Krılya Sovetov”a səfərdə uduzub – 0:2. Ardından üç oyunda da meydanı məğlub tərk edən 43 yaşlı məşqçimiz bu azmış kimi, futbolçularından qol da görməyib. Bu mənada Diniyev yetirmələrindən “Spartak”la görüşdə həm xal, həm də qol hesabı açmağı tələb etməlidir.

Hər halda, klub rəhbərliyi məhz axırıncı turdan sonra azərbaycanlı mütəxəssisin gələcək taleyinə aydınlıq gətirəcək. Elə Diniyevin də “Terek”lə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub və əsas komandada işini davam etdirəcəyi, yoxsa gənclərdən ibarət komandaya qayıdacağı hələ dəqiqləşməyib.

Təəssüf ki, statistika heç də “Terek”in xeyrinə deyil. Belə ki, cari mövsümdə səfərdə uğursuz oynayan komanda 9 görüşün 8-də qol vurmadan, özü də daha çox 0:2 hesabı ilə uduzub. Elə nalçiklilər də daha çox hesabla qələbə qazanıb. Bundan əlavə, Qroznı təmsilçisinin “Spartak”la görüşlərində bir qayda olaraq meydan sahibləri qalib gəlir. Deməli, həmin ənənə davam edərsə, Diniyev sonuncu oyununda da xal üzünə həsrət qalacaq. Məğlubiyyət seriyası hələ məşqçimizin gəlişinə qədər başlayan “Terek” artıq ardıcıl 5 oyundur xal qazana bilmir.

Qeyd edək ki, Diniyev ardıcıl ikinci tur erməni ilə görüşəcək. Ötən şənbə Poqos Qalstyanın baş məşqçisi olduğu Krasnodarın “Kuban” klubuna evdə yenilən (0:1) həmyerlimiz bu dəfə erməni hakimlə üz-üzə gələcək. Söhbət Oleq Xaçaturovdan gedir ki, milliyətcə erməni olan bu yan xətt hakimi artıq ikinci dəfə Diniyevin oyununa təyinat alıb. Onun ayağı Diniyevə düşərli olmamış və məşqimiz “Terek”də debüt oyununda Samarada uduzmuşdu.