“Ramin Musayevin “Neftçi” və “Turan”ı I diviziona göndərməyə gücü çatmaz”
08.12.2009 - 17:17
“Ramin Musayevin “Neftçi” və “Turan”ı I diviziona göndərməyə gücü çatmaz”
“Turan” - “Neftçi” oyunu haqda mətbuatda yazılanları izləyirəm. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyir ki, bu görüşün araşdırılması üçün komissiya yaradılıb və fakt olsa, komandalar cəzalanacaq. Məgər məni cəzalandıranda, ortaya fakt qoymuşdular?” Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın cəzalandırıldığı beynəlxalq dərəcəli hakim Babək Quliyev deyib.

Bu ilin martında hakimlikdən kənarlaşdırılan Quliyev ölkə çempionatının XIII turunda böyük əks-səda doğuran şübhəli “Turan” – “Neftçi” görüşü ilə bağlı ədalətli qərar qəbul ediləcəyinə inanmır: “Heç bir cəza qəbul edilməyəcək. Komissiya üzvləri deyəcək ki, oyunun kasetinə baxdıq, “Turan”ın “Neftçi”yə bilərəkdən uduzması ilə bağlı heç bir fakt aşkarlamadıq. Buna görə də oyunun nəticəsinin danışılmasını təsdiqləyə bilmərik. Mən buna yüz faiz əminəm. Halbuki, əsasnaməyə görə danışılmış oyun aşkarlanarsa, hər iki komanda Premyer Liqada kənarlaşdırılaraq, I diviziona göndərilməlidir. Ramin Musayev 9 aydır mənimlə bağlı faktdan danışır, amma ortada bir şey yoxdur. Onun “Neftçi” ilə “Turan”ı güclülər dəstəsindən kənarlaşdırılmasına gücü çatmaz. Musayev buna qadir deyil. Heç vaxt inanmaram ki, “Neftçi” ilə “Turan”ı birinci diviziondan göndərsinlər”.

Quliyev “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovu da ittiham edib: “Süleymanov deyir ki, oyunun ilk hissəsindən sonra stadiondan çıxıb Bakıya qayıdıb. Bu necə ola bilər? Vitse-prezident komandasının oyununu necə yarımçıq tərk edə bilər? Bilirsiniz, onlar belə deməklə, özlərini tələyə salırlar. Süleymanov belə deyə bilərdi ki, komandanın oyunundan hirsləndiyi üçün sonacan baxmayıb. Ancaq başqa söz deməklə, özünü şübhələndirir. Bilirsiniz, azarkeşlərin də futboldan az-çox anlayışı var. İndi 20 il əvvəlki dövr deyil. Tovuzda azarkeşlər qalmaqal salıbsa, deməli, nəsə hiss edirlər, bilirlər. Eşitdiyimə görə, “Turan” ilk hissədə güclü, ikinci yarıda isə çox zəif oynayıb. Futbolda belə ola bilməz. Ola bilsin ki, fasilədən sonra zəif oynayasan, ancaq çox zəif yox. Komandanın iki hissədə tam fərqli oynaması şübhələrə əsas verir”.
0