Ən güclü, ən çox qol vuran, ən az top buraxan və “qonaqpərvər”
10.12.2009 - 14:15
Ən güclü, ən çox qol vuran, ən az top buraxan və “qonaqpərvər”
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin yekunlaşması bu mötəbər turnirin ən güclü komandalarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, qrupda mübarizə aparan və mərhələ adlayan 16 komanda arasında ən yaxşı nəticə Fransanın “Bordo” klubuna malikdir. Əfsanəvi Zinəddin Zidanın sabiq komandası 16 xal toplamaqla, qrup mərhələsində hamını qabaqlayıb.

İtaliya “Fiorentina”sı bundan cəmi 1 xal geri qalıb. Bordolular kimi, “Çelsi” də qrup mərhələsində məğlubiyyətin nə olduğunu bilməyiblər. Lakin London klubu 1 yox, 2 matçda heç-heçə edib.

Cari mövsüm 1/8 finala keçid xalı da müəyyənləşib. Belə ki, 9 və daha çox xala malik klublar istəklərinə çatıblar. Bundan az xal toplayan kollektivlərin üzünə isə ÇL-in 1/8 finalının qapıları bağlı olub.

1/8 finalçıların məhsuldarlığına gəlincə, “Real” 15 qolla hamıdan öndə qərarlaşıb. “Olimpiakos” isə 6 oyuna cəmi 4 qol vurub. Yunanlar mənfi top fərqi ilə qrupdan çıxan yeganə komandadır. Əvəzində, müsbət top fərqinə malik bir komada - “Volfsburq” qrupda qalaraq, Avropa Liqasına yollanıb. Ən yaxşı top fərqi isə “Lion”a məxsusdur - 12:3.

16 “xoşbəxt” arasında ən etibarlı müdafiə də “Bordo”ya məxsusdur. Onlar seçmə mərhələdə cəmi 2 qol buraxıblar. Moskva MOİK-nin futbolçuları isə çox “qonaqpərvərdirlər”. Rusiya təmsilçisi 10 dəfə cəzalandırılmasına baxmayaraq, ÇL-də mübarizəni davam etdirəcək.