Ramin Musayev: Onların fikirləri komissiyanın çıxardığı qərarla üst-üstə düşür
10.12.2009 - 14:10
Ramin Musayev: Onların fikirləri komissiyanın çıxardığı qərarla üst-üstə düşür
“Turan” – “Neftçi” oyunu ilə bağlı yaradılan komissiya üzvləri uzun illərdir futbolun içində olan nüfuzlu şəxslər, müstəqil fikir yürüdən insanlardı. Özüm də bu məsələ ilə şəxsi araşdırma aparmışam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Musayevin əmri ilə yaradılan komissiya Unibank Premyer Liqasının XIII turunda “Turan” – “Neftçi” matçı ilə bağlı araşdırma aparıb. Artıq qərarını açıqlayan komissiya oyunun danışılmış olmasını, nəticənin əvvəldən razılaşdırılmasını təkzib edib.

Musayev PFL-nin rəsmi saytına açıqlamasında qərara aid belə münasibət bildirib: "Həm "Turan", həm də "Neftçi" klubunun rəhbərləri, baş məşqçiləri və münasibətim olduğu futbolçularla ayrı-ayrılıqda söhbət etmişəm. Həmin şəxslərin fikirləri ilə komissiyanın çıxardığı qərar üst-üstə düşür. Hamı komissiyanın qərarında olduğu kimi, oyunun adi idman mübarizəsində getdiyini bildirir. Bu da son günlər bəzi KİV-də oyun haqqında gedən xəbərlərin şayiə xarakterli olduğunu və heç bir fakta əsaslanmadığını bir daha göstərir”.

Qeyd edək ki, “Neftçi”nin "Turan"a 3:2 hesabı ilə qələbə qazandığı həmin şübhəli oyunla bağlı məlumatı ilk olaraq, apasport.az saytı yayıb.