Ramiz Məmmədov: Bu qədər qırmızı vərəqə olmaz
10.12.2009 - 16:33
Ramiz Məmmədov: Bu qədər qırmızı vərəqə olmaz
“Mən öncə qırmızı vərəqə ilə bağlı fikrimi bildirmək istəyirəm. Biz hakimlərin bütün qərarlarına hörmətlə yanaşırıq. Artıq ardıcıl neçə oyundur, futbolçumuz meydandan çıxarılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov Unibank Premyer Liqasının XIV turu çərçivəsində “Neftçi” ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Qəbələlilər 1:1 hesabı ilə nəticələnən səfər matçında xal qazansalar da, növbəti futbolçunu itirdi. Bu dəfə qırmızı vərəqəni Namiq Əliyev alıb. 29 yaşlı yarımmüdafiəçiyə görüşün uzatma dəqiqələrində baş hakim Rövşən Əhmədovun qərarı ilə narazı olduğuna görə ikinci sarı göstərilib.

Yetirmələrinə bu qədər qırmızı vərəqə göstərilməsi Məmmədovu təngə gətirib: “Düzdür, hakimlər futbolçularımızı meydandan çıxarırsa, deməli, nəsə bilirlər. Ancaq bu qədər qırmızı vərəqə göstərmək olmaz. Komandanın oyunundan narazılığım yoxdur. Səfər qarşılaşmasında istədiyimiz nəticə qazana bildik. “Altılıq” uğrunda mübarizəmizi davam etdirəcəyik. “Neftçi”yə də bu yöndə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qəbələ” turnir cədvəlində 7-ci pillədə qalsa da, ilk dövrədə evdə “Neftçi”ni yendiyi (1:0) üçün şəxsi oyunda flaqmandan üstündür.