Əvvəl qapıda durdu, sonra “Neftçi”dən qisas aldı
10.12.2009 - 18:20
Əvvəl qapıda durdu, sonra “Neftçi”dən qisas aldı
Bakının “Neftçi” klubunu Unibank Premyer Liqasının XIV turunda tovuzlu futbolçu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” komandası ilə bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə (1:1) flaqmanın qapısına qol vuran müdafiəçi Vurğun Hüseynov Tovuz futbol məktəbinin yetirməsidir. Görüşün ən yaxşılarından olan 21 yaşlı arxa xəttə oyunçusunun hesabda geri qaldıqları zaman hücuma qoşulması müsbət nəticə verib. Belə ki, Vurğun özünə qarşı kobudluğa görə təyin edilən cərimə zərbəsindən sonra topu rəqib qapısından keçirib. Hüseynov “Neftçi”ni qələbədən məhrum etməklə yanaşı, komandasına səfərdə vacib xal qazandırıb. O, həm də flaqmandan “Turan”ın qisasını alıb. Axı, Vurğun doğulub, boya-başa çatdığı Tovuz təmsilçisində çıxışı ilə tanınıb. “Neftçi”nin isə “Turan”la ötən şənbə səfərdə keçirdiyi oyunu böyük əks-səda doğurub. İlk hissədən sonra hesabda 2:0 irəlidə olan tovuzlular fasilədən sonra buraxdığı 3 qolla meydanı məğlub tərk edib - 2:3.

Vurğun 2005-ci ildən çıxış etdiyi milli çempionatımızda “Turan”ın heyətində üç il yarım oynayıb (51 oyun, 1 qol). Ötən mövsümün qış fasiləsində “Qəbələ”yə keçən müdafiəçi yeni komandasında 23 görüşdə 2 qol vurub. Göründüyü kimi, Hüseynov indiyədək ölkə çempionatında 3 qol vurub və bunların hər birində maraqlı məqam var. Əvvəla, Vurğun karyerasında ilk qolu məhz indiki komandasına vurub. 2007/08 mövsümündə XXIII tur çərçivəsində mayın 3-də keçirilən “Turan” - “Qəbələ” oyunu da böyük əks-səda doğurmuşdu. “Turan”ın 4:2 hesabı ilə qalib gəldiyi görüşdə qonaqların oyunu bilərəkdən uduzması böyük müzakirələrə səbəb olmuşdu. Nəticədə əsas günahkar sayılan gürcü cütlük - qapıçı Zurab Mamaladze ilə müdafiəçi İrakli Vaşakidze qovuldu.

Hüseynov cari mövsümün ilk dövrəsində Tovuzda bu dəfə “Qəbələ”nin futbolçusu kimi fərqlənib. O, VIII turda oktyabrın 25-də “Turan”a vurduğu qolla komandasına qələbə qazandırıb (1:0). Vurğun karyerasında 3-cü qolu zamanı isə “Neftçi”dən tovuzluların heyfini aldı.

Qeyd edək ki, olimpiya yığmamızın da üzvü olan Hüseynov son vaxtlar gündəmdədir. Onun ötən ay avstriyalı həmyaşıdları ilə səfərdə keçirilən rəsmi qarşılaşmada (0:4) qapıçımız Elçin Sadıqov qırmızı vərəqə alaraq, meydandan qovulduğu üçün 58 dəqiqə “çərçivə”ni qorumağa özündə cəsarət tapması hətta UEFA-nın da diqqət mərkəzinə düşmüşdü. Təsadüfi deyil ki, qitə futbol qurumu Vurğunun çıxışına “gizli istedad” nominasiyasında yüksək qiymət vermişdi.