Daniel Oprita yeni kafe açıb, Azərbaycan futbolundan danışdı
11.12.2009 - 12:21
Daniel Oprita yeni kafe açıb, Azərbaycan futbolundan danışdı
“Bakı” klubunun sabiq futbolçusu Daniel Oprita yeni kafe açıb. Apasport.az saytının məlumatına görə, fəaliyyət sahəsini genişləndirən rumıniyalı hücumçu Buxarestdə yeni istifadəyə verilən “Trail” Ticarət Mərkəzində “Kafe Roqqe”yə 150 min avro vəsait xərcləyib.

Resita şəhərciyində restoranı da olan 28 yaşlı futbolçu bu addımını belə izah edib: “Artıq kafe üçün 150 min avro xərcləmişəm. Belə işlərə pul qoymaq çox vacibdir. Çünki bunun yaxşı gələcəyi var”.

Oprita Azərbaycan futbolu haqda da fikirlərini bildirib: “Azərbaycanda futbolun səviyyəsi o qədər də inkişaf etməyib. Lakin oradakı insanlar çox iş görmək istəyir. Bunun üçün isə ilk növbədə pul lazımdır”.

Xatırladaq ki, yayda “Bakı”ya transfer olunan Oprita Bülənt Korkmazın baş məşqçi postuna gəlişindən sonra komandadan kənarlaşdırılıb. Rumıniyanın aşağı dəstə təmsilçisi “Konkordiya” ilə anlaşan Danielin keçidi “transfer pəncərəsi”ndə rəsmiləşəcək.