2009-cu ilin ən məhsuldar futbolçuları
15.12.2009 - 11:52
2009-cu ilin ən məhsuldar futbolçuları
Beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ilin arxada qalan hissəsində milli komanda və klub səviyyəli görüşlərin ən məhsuldar futbolçularını müəyyənləşdirib.

Cədvələ 7 və daha çox qol vuran 83 futbolçunun adı daxil edilib ki, onlar arasında Azərbaycan təmsilçisi yoxdur. Yığmada 15 qol vuran yaponiyalı Şinq Okazaki “Şimitsu Pals” klubunda fərqlənə bilməsə də, planetin ən məhsuldar futbolçuları siyahısına başçılıq edir. Eyni sayda – 15 top vuran Didye Droqba (Kot d’İvuar, “Çelsi”) və Əbdülməlik Ziaya (Əlcəzair, “Entente”) müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıb.

Droqba millidə 8 dəfə fərqlənibsə, Əbdülməlik bütün qollarını klubda vurduğu üçün üçüncü sıradadır. Siyahıda ən yaxşı avropalı isə İspaniya yığmasının futbolçusu David Vilyadır. Millidə 11, “Valensiya”da 2 qol vuran hücumçu dünyada 5-ci göstəriciyə malikdir.

Avropanın 3, dünyanın 10-cu qolçusu isə “Qalatasaray”ın çex legioneri Milan Baroşdur. O, yığma və klubun hərəsində 6 dəfə qol sevinci yaşayıb.