Milli komanda itkin düşüb
15.12.2009 - 11:54
Milli komanda itkin düşüb
Futbol üzrə Eritrea milli komandası Keniyanın paytaxtı Nayrobidə keçirilən Şərqi və Mərkəzi Afrika Kubokunun 1/4 finalında məğlubiyyətdən sonra yoxa çıxıb. Lent.az-ın məlumatına görə, bu haqda yarışın təşkilat komitəsinin üzvlərindən olan Nikolas Musonye “BBC”yə açıqlama verib.

O bildirib ki, Eritrea yığması paytaxt Asmeraya nəzərdə tutulduğu vaxtda qayıtmayıb. Komandanın hazırkı yeri də məlum deyil. Eritreaya yalnız məşqçi və komandanı Keniyaya səfər zamanı müşayiət etmiş hərbi qulluqçu qayıdıb.

Musonyenin sözlərinə görə, bu, Eritrea yığmasının turnirdən sonra öz ölkəsinə qayıtmadığı üçüncü haldır: “Eritrea Futbol Federasiyası komandanı yarışa göndərmək üçün mümkün olan hər şeyi etdi. Təəssüf ki, bu uşaqların başqa planları vardı. Əlbəttə, hazırda onlar Nayrobidədirlər. Orada kifayət qədər eritrealı var”.

Yarış təşkilatçısı baş verənlərin bütün təfərrüatlarını müəyyənləşdirəcəyini və polisə təqdim edəcəyini də əlavə edib. Məlumatı Keniya Futbol Federasiyası rəsmiləri də təsdiqləyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı hər il Eritreadan yüzlərlə insanın qaçdığını bildirir. Müşahidəçilər bunu ölkə rəhbərliyinin repressiya siyasəti, yoxsulluq və ümumi hərbi tabeçiliklə əlaqələndirirlər. Lakin Eritrea hökuməti vətəndaşların ölkədən qaçdıqlarını təkzib edərək, BMT-ni faktları təhrif etməkdə günahlandırırlar.