Salmanov və Mahmudov Soçiyə gedir
15.12.2009 - 12:08
Salmanov və Mahmudov Soçiyə gedir
Gələn ilin yanvarında Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirə hazırlaşan Rusiya yığmasının ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da mübarizə aparacağı ənənəvi yarışın hazırlıqlarına Soçidə başlayan şimallılar bu toplanışa 25 futbolçu dəvət edib.

1992-ci il təvəllüdlülərdən ibarət komandanın baş məşqçisi Yuri Smolyaninov beynəlxalq turnirdə güvənəcəyi 18 oyunçunu bu hazırlıqlarda müəyyənləşdirmək niyyətindədir. Onun toplanışa dəvət etdiyi heyətdə “Moskva”da çıxış edən müdafiəçi Arif Salmanov və “Saturn”un hücumçusu Emin Mahmudov da yer alıb.

Qeyd edək ki, yanvarın 4-10-da keçiriləcək turnirdə Azərbaycan və Rusiya yığmaları yalnız finalda üz-üzə gələ bilər. Çünki yığmamız Türkiyə, Finlandiya və Ukrayna ilə B, Belarus, Özbəkistan və Belçika ilə oynayacaq ruslar isə A qrupunda mübarizə aparacaq.